AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Koreyanın Seul Dövlət Universitetinin Humanitar Elmlər Kolleci Arxeologiya və tarix departamentinin professoru Kim Yong İl və onun iki magistr tələbəsi ilə görüş olub.

Bu barədə AMEA-dan bildirilib. Qeyd olunub ki, professor Kim Yong İl 2009-cu ildən başlayaraq Qəbələ ərazisində institutun əməkdaşları ilə birlikdə bir sıra antik və orta əsrlərə aid arxeoloji abidələrdə çöl tədqiqat işləri aparır. 2022-ci ildə o, Mil düzündə yerləşən Dəmir dövrü qəbir abidələrinin tədqiqində də iştirak edib.

İnstitutun baş direktoru professor Abbas Seyidov bildirib ki, beynəlxalq tərkibli arxeoloji ekspedisiyaların elmi araşdırmaları təqdirəlayiqdir. Kim Yong İl qeyd edib ki, bu ilin iyun ayından etibarən bir neçə aparıcı Koreya arxeoloqu çöl tədqiqat işlərini Qəbələ və Mil düzündə davam etdirməyi, həmçinin müasir avadanlıqlar vasitəsilə abidələr yerləşən ərazilərdə xəritəçəkmə işləri aparmağı planlaşdırır.

Qonaqlar görüşdən sonra institutun Arxeoloji fondunda yerləşən müvafiq materiallarla da tanış olublar.