“Anamın kitabı” yenidən ingilis dilində səhnədə

 

Mədəniyyət Nazirliyinin layihəsi olaraq ötən il Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ingilis dilində səhnələşdirilən “Anamın kitabı” tamaşası fevralın 2-də - Gənclər Günündə bir daha nümayiş olunacaq.

Böyük ədib Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanan tamaşada əsas mövzu üç qardaşın dil, din, düşüncə tərzlərinin fərqliliyi nəticəsində aralarında yaranan sürəkli mübahisələrdən bəhs edir.

Günümüzlə səsləşən, bizi narahat edən və düşündürən mövzu əsərin baş qəhrəmanı olan Ananın timsalında təqdim olunur. Ana övladlarını öz milli-mənəvi dəyərlərinə sahib olmağa, ana dilinə yiyələnməyə və birliyə çağırır. Oğullar isə daha çox müasir dünyanın tələblərinə cavab verməyə can atır, nəticə etibarilə innovativ texnologiyalarla zəngin bir mühitin fonunda öz milli dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qalırlar. Beləliklə, Ana övladları ilə mübarizəyə başlayır. Onun qəlbini dəlib-deşən dərd yükü isə səngimir...

Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, ingilis dilinə tərcümə edəni Tərlan Rəsulov, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir.