Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda blokadanın olmadığını bir daha nəzərə çatdırıb

 

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikri yanvarın 23-də ABŞ dövlət katibi Antoni Blinkenlə telefon söhbəti zamanı vurğulayıb.

Telefon söhbəti ABŞ dövlət katibinin təşəbbüsü ilə gerçəkləşib. Dövlət katibi Azərbaycan ərazisində Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib. A.Blinken ABŞ-nin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiqliyini ifadə edib və sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini bildirib.

Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edərək, 2022-ci il 12 dekabr tarixindən etibarən nəqliyyat vasitələrinin 980-nə yaxın keçidinin təmin olunduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, bunun 850-dən çoxu Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Eyni zamanda Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini deyib. İlham Əliyev bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir.

Dövlətimizin başçısı onu da diqqətə çatdırıb ki, Ermənistan tərəfindən 2021-ci ilin istehsalı olan minalar qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşınır.

Prezident İlham Əliyev ölkəmizin sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq olduğunu qeyd edib. Bildirib ki, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir.

Prezident İlham Əliyev Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında təmin olunacağını qeyd edib.

Telefon söhbəti əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.