Yanvarın 24-də Özbəkistanın Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 26-cı iclası keçirilib. İclasda təşkilata sədrlik Azərbaycana keçib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bununla bağlı bəyanatla çıxış edib. O, Azərbaycanın İƏT-in 2023-cü il üzrə sədrliyi çərçivəsində prioritet və planlarını açıqlayıb.

Nazir “Yaşıl keçid və qarşılıqlı bağlantılar” mövzusuna həsr olunan Azərbaycan sədrliyinin təşkilatın strategiya və proqramlarının, habelə “İƏT-2025” baxışlarının irəlilədilməsi üçün əhəmiyyət daşıyacağını vurğulayıb.

Ölkəmizin 2023-cü ildə sədrliyi dövründə iqtisadiyyat, enerji, nəqliyyat, turizm və digər sahələrdə bir sıra yüksək səviyyəli görüşlərin keçiriləcəyi diqqətə çatdırılıb.

Mərkəzi Asiya və Cənubi Qafqazdan keçməklə nəqliyyat marşrutlarının əhəmiyyət daşıdığı, bu xüsusda Azərbaycanın regional nəqliyyat və tranzit dəhlizlərinin inkişaf etdirilməsi üçün görülən əhəmiyyətli işlər barədə tədbir iştirakçıları məlumatlandırılıb. Bununla yanaşı, sözügedən istiqamətlərdə əməkdaşlığın irəlilədilməsi məqsədilə Türkiyə, Qazaxıstan və Özbəkistan ilə birgə üçtərəfli platformaların təsis edildiyi bildirilib. Azərbaycan, Türkiyə və Qazaxıstan arasında ötən ilin iyun ayında Bakıda keçirilmiş görüş zamanı qəbul olunmuş Bakı Bəyannaməsi və bununla əlaqədar Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizinin inkişafı üzrə qərarlar qeyd edilib.

Nazir çıxışı zamanı Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması istiqamətində görülən tədbirlərin vacibliyini vurğulayıb. Zəngəzur dəhlizinin bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacağı qeyd edilib.

Sədrlik çərçivəsində Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində tədbirlər görüləcəyi, Şuşanın 2026-cı ildə İƏT “Turizm paytaxtı”na namizədliyinin irəli sürüləcəyi də diqqətə çatdırılıb.

Ceyhun Bayramov Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən bəhs edib, sözügedən ərazilərdə “yaşıl enerji” və azad iqtisadi zonaların yaradılması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.

İclasda təşkilatın fəaliyyətinə dair bir sıra sənədlər qəbul edilib. Nazirlər Şurasının iclasının yekun sənədi kimi qəbul edilmiş Daşkənd Kommünikesində Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara uyğun olaraq Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat və kommunikasiya əlaqəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, habelə ölkəmizin Türkiyə, Özbəkistan və Qazaxıstan ilə birgə həyata keçirdiyi üçtərəfli platformalar üzrə görülən işlər alqışlanıb.

Həmçinin Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması və hörmət əsasında tənzimlənməsinə dəstək dilə gətirilib. Bunun bölgədə mehriban qonşuluq əlaqələrinin yaradılmasına, davamlı sülh və iqtisadi tərəqqiyə töhfə verəcəyinə inam ifadə olunub.