İki yeni qanun layihəsi üzərində isə iş davam edəcək


Yanvarın 24-də Milli Məclisin Mədəniyyət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitənin sədri Qənirə Paşayeva qarşıdakı sessiyada deputatlara uğurlar diləyərək gündəlik barədə məlumat verib.

Mədəniyyət komitəsinin 2022-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatını təqdim edən Qənirə Paşayeva diqqətə çatdırıb ki, ötən müddətdə komitənin 6 iclası keçirilib, 6 məsələyə baxılıb. Komitə sədri həmçinin məlumat verib ki, payız sessiyası ərzində komitənin ünvanına daxil olmuş 681 müraciətə baxılıb və müvafiq tədbirlər görülüb.

Mədəniyyət komitəsinin 2023-cü ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi ilə bağlı komitə sədri bildirib ki, sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanunvericilik aktlarına, digər sənədlərə baxılması və rəy verilməsi, habelə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulub. Eyni zamanda, “Kinematoqrafiya haqqında” yeni qanun layihəsinin hazırlanması işi davam etdiriləcək.

Bundan əlavə, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında”, “Məlumat azadlığı haqqında”, “Nəşriyyat işi haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Mədəniyyət haqqında”, “Milli arxiv fondu haqqında” və digər qanunlarda müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Müzakirələrdə komitənin üzvü olan deputatlar qarşıdakı sessiyada iş planı və Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı təkliflərini səsləndiriblər.