Azərbaycanın dövlət, xalq, ordu birliyi ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Ölkəmizin ərazi bütövlüyü bərpa olunsa da, Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri hələ də hüquqi qiymətini almayıb.

Ankara Universiteti Hüquq fakültəsinin müəllimi, Qarabağ problemi ilə bağlı tarixi, hüquqi araşdırmaların müəllifi professor Cavid Abdulahzadə ilə bu mövzuda danışdıq.

 

– Cavid müəllim, Qarabağ probleminin hüquqi aspektlərinə həsr olunan kitabınızda erməni mənbələrinə də istinadla faktlar təqdim etmisiniz. Bu problemdə Ermənistanın rolu və məsuliyyəti haqqında qısa olaraq nə deyə bilərsiniz?

– Qarabağ məsələsi hərbi baxımdan bitdi, amma Ermənistanın cavabdehliyi hüquqi baxımdan bitməyib. Bu münaqişəni Ermənistanın rolu olmadan çözmək mümkün deyil. Və Ermənistanın rolunu mümkün olduğu qədər düzgün və hüquqi mövqedən qiymətləndirsək, o zaman bu bədnam ölkənin məsuliyyəti də aşkar görünəcək.

Ermənistan hər zaman Qarabağdakı erməni yerli idarəetməsi üzərində qanunsuz səlahiyyət sahibi rolunu oynayıb, amma beynəlxalq aləmdə tərəf olmadığını, guya bu hadisələrə heç bir müdaxilə etmədiyini göstərməyə çalışıb. Azərbaycanının şanlı Qələbəsi həm də Ermənistanın iç üzünü beynəlxalq aləmə göstərdi. Odur ki, hələ də havadar axtarışı və qanunsuz əməllərindən qalmayan Ermənistan beynəlxalq hüququn tələbləri çərçivəsində məsuliyyətə cəlb olunmalıdır.

 

– Zərərə məruz qalmış Azərbaycan dövləti və doğma yurdlarından didərgin edilmiş insanlarımız hüquqi müstəvidə necə addım atmalıdır?

– Burada iki ayrı cəhət var. Birincisi şəxslərlə əlaqəlidir, beynəlxalq hüquqa zidd hərəkətə, törədilən cinayətlərə görədir. Məsələn, Xocalı soyqırımında iştirak etmiş erməni hərbçilər, ayrı-ayrı şəxslər məsuliyyətə cəlb olunmalıdır. Bu qətliamda bir də Ermənistan dövlətinin ayrıca məsuliyyəti var. Əsas məsələ də Ermənistanın dövlət olaraq məsuliyyəti ilə bağlıdır. Beynəlxalq hüquqa görə, bir dövlətə bağlı olan qurumlar, o dövlətin hərbiçisi, polisi və s. başqa bir ölkəyə ziyan vurursa, bu, birbaşa zərər verən dövlətin hərəkəti kimi qiymətləndirilir. Ermənistan məsuliyyəti Qarabağdakı separatçı rejimin üzərinə atsa da, hadisələrə birbaşa müdaxiləsinə dair xeyli faktlar olduğu üçün bu, Ermənistanın hərəkəti sayılır. Və bu faktları məhkəmə ilə sübut etmənin ən məqbul yolu Beynəlxalq Ədalət Məhkəməsidir. Şəxslərin cinayətkarlıqları üçün Roma Məhkəməsi, beynəlxalq cəza hüququ var. Ermənistan dövlətinin məsuliyyətə cəlb olunması da ayrı-ayrı iddialar üzrə olmalıdır. Məsələn, Xocalı soyqırımı Bosniyadakı Srebrenitsa hadisələri kimi ayrıca bir cinayət hərəkətləridir.

Ermənistanın Azərbaycan dövləti qarşısında iki məsuliyyəti var. Bunun biri beynəlxalq hüquqa görə, Ermənistanın gücdən istifadə etmək qadağasını pozaraq beynəlxalq birlik tərəfindən tanınmış ərazilərimizi 30 ilə yaxın işğal altında saxlamasıdır. Bu qadağan olunmuş fəaliyyət BMT-nin şərtində də yazılır. Məlumdur ki, BMT Təhlükəsizlik Şurasının ərazilərimizin işğalını pisləyən 4 qətnaməsi var: Azərbaycan torpaqları işğal altındadır və bu işğala son qoyulmalıdır. Bu da onu təsdiqləyir ki, gücdən istifadə qaydaları pozulub və Azərbaycana zərər verilib. Xocalıda törədilən cinayətlərdə əli olan R.Köçəryan, S.Sarkisyan – sonradan Ermənistanda dövlət başçısı oldular – bu cinayət faktlarında iştirakları və məsuliyyətləri var. Haaqa Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən verilmiş qərarlara görə, dövlətin mallarına verilmiş zərər, tarixi abidələr, muzeylər, kitabxanalar, məktəblər və digər dövlət mülkiyyətlərinə, eləcə də ekologiya, ətraf mühitə, mədənlərə vurulan zərər cinayət hesab edilir.

 

– Kitabınızda da qeyd olunur ki, SSRİ dağılmazdan öncə Ermənistanın Azərbaycanın müstəqilliyinə təcavüzünü beynəlxalq hüquq çərçivəsində mühakimə etmək mübahisəli məsələdir. Bəs indiki Ermənistan ərazisindən – Qərbi Azərbaycandan deportasiya edilən, etnik təmizləməyə məruz qalan soydaşlarımızın durumu beynəlxalq hüquq çərçivəsində necə dəyərləndirilə bilər?

– Beynəlxalq hüquq beynəlxalq hüququn subyektləri ilə maraqlanır. 1988-ci ildə Azərbaycan və Ermənistan Sovet İttifaqının tərkibində idi. Odur ki, 1991-ci ildən etibarən Ermənistan beynəlxalq hüququn subyekti halına gəlir. Amma beynəlxalq hüquq bu hadisələrin tarixi keçmişi ilə  maraqlandığı üçün, əlbəttə Azərbaycan bu hadisələrin keçmişi ilə bağlı faktları da üzə çıxarmalıdır. Amma Qərbi Azərbaycandan olan qaçqınlar da mülkiyyət hüquqlarından istifadə edə bilmədikləri üçün bu, davam edən bir müddət hesab olunur ki, bunlar da Ermənistanın məsuliyyətidir. Ermənistandan vaxtilə zorla çıxarılan Qərbi azərbaycanlılar arasında öz yurdlarına qayıtmaq istəyənlər də digər Ermənistan vətəndaşları kimi orada bütün hüquqlara sahib olmalıdırlar. Bu həm də siyasi baxımdan hər iki ölkənin xeyrinə olan məsələdir.

 

– Hazırda Ermənistan iş ortaqları ilə birgə ermənilərin Qarabağda yaşadığı ərazilərimizdə ekoloji terror həyata keçirirlər. Azərbaycanın bununla bağlı hansı beynəlxalq məhkəməyə müraciət hüququ var?

– Azərbaycan təbii sərvətləri və ekologiyasına vurulan zərərlə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməlidir. Bundan əlavə, 30 ilə yaxın müddət ərzində Qarabağın ekologiyasına ciddi zərər vurulub.  Buna görə Ermənistan təzminat ödəməlidir.  

 

–  Türk dünyasında 15-dən çox sahənin ortaq fəaliyyəti, o cümlədən ortaq hüquq günümüzdə müzakirə olunan məsələlərdəndir.  Türkiyə ilə Azərbaycanın ortaq hüququnun formalaşması mümkündürmü?

– Türkiyə və Azərbaycanın təhsil və hüquq sistemində birgə fəaliyyətlərinə ehtiyac var. Tibb və hərbi sahədə buna, demək olar ki, nail olunub. Amma bunun üçün Azərbaycan və Türkiyə bir-birinin hüquq sistemini öyrənməlidir. Bu da tələbə və müəllim mübadiləsi ilə mümkün ola bilər. Doğrudur, Azərbaycanda Türkiyə məzunu olan 10-15 hakimimiz var. Amma onlar məzun olaraq Türkiyədən gedib Azərbaycanda hakimlik imtahanından keçirlər. Məsələn mən, Türkiyə məzunu olaraq Azərbaycanda vəkillik edə bilmirəm, bunun üçün gərək diplomumun tanınması və digər bu kimi mərhələlərdən keçəm. Eləcə də Azərbaycan vətəndaşı olan Türkiyə məzunu Türkiyədə hakim, vəkil ola bilməz, yaxud əksinə. Bu problemləri aradan qaldırmaq mümkündür. Bir məsələ var ki, dünyanın hər yerində hüququn ümumi hissələri eyni, xüsusi hissələri fərqlidir. Məsələn, cinayət hüququnun ümumi hissəsi Azərbaycanda da, Türkiyədə də eynidir, sadəcə, hüquq dilimiz ortaqlaşarsa, bu da aradan qalxacaq. 

 

– Yeri gəlmişkən, hazırda Türkiyədə 25-dən çox erməni mətbuatı və ermənipərəst media fəaliyyət göstərir. Azərbaycanın Türkiyədə türk dilində mediasının olması, dilimizin ortaqlaşmasına və təbliğatımıza nə qədər kömək edə bilər?

– Türkiyədə də, Azərbaycanda da belə bir fikir formalaşıb ki, biz qardaş dövlətik, dilimiz bir, dinimiz bir, bizim qarşılıqlı olaraq təbliğatımıza ehtiyac yoxdur. Türkiyənin Azərbaycanda təbliğinə o qədər də ehtiyac olmaya bilər, çünki inkişaf etmiş bir dövlət Azərbaycandan görünür, tanınır. Amma Azərbaycanın Türkiyədə tanıdılmasına ciddi ehtiyac var. Bunun da yolu Türkiyədə mediamızın olması, elm, təhsil, hüquq, mədəniyyət, incəsənət və bu kimi bir çox sahələrin ortaq fəaliyyəti ilə mümkün ola bilər. Bu gün Türkiyə cəmiyyətində erməni ziyalıları, millət vəkilləri məhz ermənipərəst mediaları ilə kifayət qədər tanınırlar.

Mən bir nüansa toxunmaq istərdim. Hər il 5 noyabrda Ankara Universitetinin quruluş ildönümü qeyd olunur. Ötən il mənə də çıxış etmək təklif olundu. Mən bildirdim ki, Türkiyə Cümhuriyyətinin quruluş fəlsəfəsinin təməlində Azərbaycanın aydınlanma fəlsəfəsi durur. 1925-ci ildə Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün təklifi ilə Ankara Universitetinin Hüquq fakültəsində ilk dərsi azərbaycanlı hüquq mütəxəssisimiz Əhməd bəy Ağaoğlu verib. Əhməd bəyin bu fakültənin qurulmasında çox böyük xidmətləri olub. O, Ankara Universitetində 1930-cu ilədək konstitusiya hüququnu tədris edib. Türkiyə parlamentində də dövlət quruculuğu ilə bağlı ən cəsarətli, məntiqli fikirlərin müəllifi o olub. Yaxud Türkiyədə də məşhur olan “Müasirləşmək, islamlaşmaq, türkləşmək” triadasının müəllifi Ziya Göyalpdan əvvəl Əli bəy Hüseynzadədir. Çıxışımda da dedim bu fikrin rəmzləri bugünkü Azərbaycan bayrağında da öz əksini tapıb. Azərbaycan türkləri 1915-ci illərdən Türk dünyasına fikir öndərliyi etmiş bir millətdir. Ona görə də Azərbaycan təkcə Türkiyədə deyil, bütün Türk dünyasında təbliğ olunmalıdır. 

Mehparə Sultanova
Ankara