Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) “Heydər Əliyev İli” münasibətilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına və ölkənin vilayətlərində yerləşən 14 mərkəzi kitabxanaya  Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edib.

Özbəkistan Milli Kitabxanasına 40 nüsxə, Daşkənd, Xarəzm, Nəvai, Buxara, Səmərqənd, Kaşkadərya, Surxandərya, Cizzax, Sırdərya, Namanqan, Fərqanə, Əndican vilayət, Qaraqalpaqıstan Muxtar Respublikası İnformasiya-Kitabxana Mərkəzi olmaqla hər bir mərkəzi kitabxanaya 82 adda, ümumilikdə isə 1148 nüsxə kitab və elektron nəşr hədiyyə olunub.

Sözügedən kolleksiyada ölkəmizin tarixinə, dövlətçiliyinə, mədəniyyətinə dair Azərbaycan və rus dillərində kitablar, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca” lüğət, danışıq kitabları, dərsliklər, elektron nəşrlər, habelə AMM-in layihəsi ilə özbək dilində nəşr edilmiş ədəbi əsərlərimiz yer alıb.

Qeyd olunan kitabxanalarda həmin nəşrlərdən ibarət sərgilər təşkil olunub.