Qarabağ xanlığının sonuncu hökmdarı Mehdiqulu xan Cavanşirə (1763-1845) məxsus fəxri bayraq Milli Azərbaycan Tarixi Muzeyində qorunur.

10 sentyabr 1806-cı ildə Rusiya imperatoru I Aleksandr “Mehdiqulu xana ali sərəncam və Qarabağ əhlinə vədlər” adlı fərman imzalayıb. Həmin fərmanda Qarabağ xanı kimi təsdiq olunan Mehdiqulu xana hakimiyyət rəmzi kimi fəxri bayraq və qılınc göndərilməsi qeyd edilmişdi. Çar tərəfindən vəd edilən bayraq bir il sonra – 1807-ci ildə Mehdiqulu xana təqdim olunub.

1822-ci ildə Qarabağ xanlığı ləğv olunanda Mehdiqulu xanın titulu saxlanılıb. 1838-ci il oktyabrın 30-da imperator I Nikolay Qarabağ xanlarının bu bayraqdan hakimiyyət rəmzi kimi istifadə etmək hüququnu təsdiq edib. Lakin 1845-ci ildə Mehdiqulu xan vəfat edəndən sonra Qarabağın idarəçiliyinin rus məmurlarına tapşırılması ilə imperiyanın bu vədi pozulub.

Sonralar adıçəkilən bayraq mühafizə olunması üçün Tiflisdəki Qafqaz Hərbi Tarix Muzeyinə təhvil verilib və ilk dəfə 1913-1917-ci illərdə ictimaiyyətə nümayiş etdirilib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayrağın vətənə qaytarılması istiqamətində iş aparılsa da, Cümhuriyyətin süqutu buna imkan verməyib. 1928-ci ildə Azərbaycan Tarixi Muzeyinin direktoru Davud Şərifov bayrağın qaytarılmasına nail olub.

Fəxri bayraq Rusiya imperatorlarının məhz Cavanşir sülaləsindən olan Azərbaycan xanlarının əzəli Azərbaycan ərazisi olan Qarabağın hakimləri kimi tanımalarının maddi sübutudur. Bayraq muzeyə hakimiyyət rəmzi olaraq hədiyyə edilib.

Sözügedən bayrağın sapı bərpaçı-rəssam Əjdər Qafarov tərəfindən təmizlənərək qoruyucu maddə ilə örtülüb. Eksponatın ucluq hissəsindəki qotazı isə muzeyin bərpaçı-rəssamı Qənirə Məmmədova tərəfindən demontaj edilərək üzərində olan güləbətin tikmələri, qaytanı, baftası mexaniki və kimyəvi üsulla təmizlənib. Qopan ipləri yerinə bərpa edilib, eksponata ikinci həyat verilib.