“Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” qəbul olunub

 

Qərbi Azərbaycan İcması Müşahidə şurasının yanvarın 26-da keçirilmiş iclasında “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya” – “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” qəbul olunub.

Qərbi Azərbaycan İcması İdarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Konsepsiya Qərbi Azərbaycan İcmasının bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir.

İcma sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, konsepsiya üç əsas prinsipə söykənir. Bunlardan birincisi, təhlükəsizlik, ikincisi, ləyaqət, üçüncüsü isə sülh yolu ilə Qərbi Azərbaycana qayıdışdır. “Konsepsiya beynəlxalq, humanitar və müharibə hüquqlarına, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qaçqın və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması hüquqlarına əsaslanır. Ona görə də konsepsiyanın qəbul olunması Qərbi Azərbaycan İcmasının fəaliyyətində yeni bir mərhələ yaradır, mübarizəmizi yeni keyfiyyət mərhələsinə daxil edir”, – deyə o vurğulayıb.

“Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın əsas məqamları bunlardır:

– İndiki Ermənistandan qovulmuş bütün azərbaycanlıların və onların törəmələrinin öz yurdlarına qayıtmaq hüququ var. Bu hüququn ləyaqətli və təhlükəsiz şəkildə reallaşmasına şərait yaradılmalı, insanlar ora qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqları təmin olunmalıdır;

– Qayıdış prosesi müvafiq zəmanətləri və verifikasiya mexanizmləri olan beynəlxalq hüquqi təminat çərçivəsində baş verməlidir;

– Qayıdacaq insanların təhlükəsizliyini təmin etmək üçün qayıdış olacaq ərazilərə müvafiq mandatla beynəlxalq sülh missiyası yeridilməlidir. Həmin missiya İcmanın etibar etdiyi ölkələrin qüvvələrindən ibarət olmalıdır;

– Qayıdış prosesində qovulmadan əvvəlki məskunlaşma coğrafiyası bərpa edilməlidir. Geri qayıdanları pərakəndə səpələmək insan hüquqlarına zidd cəhd kimi rədd ediləcək.

– Ermənistan qayıdacaq azərbaycanlıların fərdi və kollektiv hüquqlarının təminatı üzrə beynəlxalq nəzarət və monitorinq mexanizmi çərçivəsində İcma ilə konstruktiv dialoqa başlamalıdır;

– Qayıdacaq azərbaycanlıların Azərbaycan ilə xüsusi bağları nəzərə alınaraq, onların Azərbaycan Respublikası ilə maneəsiz əlaqəsinə şərait yaradılmalıdır;

– Ermənistan hökuməti qayıdacaq azərbaycanlıların mülkiyyət hüquqlarını bərpa etməli, onların evlərini, icma torpaqlarını qaytarmalıdır;

– Qərbi azərbaycanlılar erməni xalqı ilə barışığa, dinc və yanaşı yaşamağa hazırdır. Ermənistan hökuməti barışığı təşviq etmək üçün səylər göstərməli, dağıdılmış Azərbaycan mədəni irsini bərpa etməli, qorumalı, həyata keçirdiyi yer adları dəyişikliklərini ləğv etməli və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə son verməlidir;

– İcma Qərbi azərbaycanlıların legitim nümayəndəsi və maraqlı tərəf kimi qayıdış prosesi və sonrakı dövrdə bütün müvafiq proseslərdə iştirak etməlidir.

Konsepsiyada diqqətə çatdırılır ki, Qərbi Azərbaycan İcması BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsin vəziyyətinin dəyərləndirilməsinə, o cümlədən zərər vurulmuş və yer üzündən silinmiş mədəni irs nümunələrinin siyahısının hazırlanmasına və Ermənistan hökumətinin onları bərpa etmək və qorumaq öhdəliyini icra etməsinə nail olmaq üçün səy göstərəcək.

Həmçinin bildirilir ki, azərbaycanlı əhaliyə qarşı etnik əsaslarla genişmiqyaslı və sistematik zorakılıq səbəbindən Qərbi Azərbaycan İcması təhlükəsizlik məsələlərində Ermənistana etibar etmir. Buna görə də Qərbi azərbaycanlıların etimad göstərdiyi ölkələrin qüvvələrindən ibarət beynəlxalq təhlükəsizlik missiyasının həmin ərazilərə yerləşdirilməsini zəruri hesab edir.

Qərbi Azərbaycan İcması hesab edir ki, onun missiyası təkcə qayıdış məsələsi ilə məhdudlaşmır. İcma əhali öz vətəninə qayıtdıqdan sonra da təşkilat kimi öz fəaliyyətini, o cümlədən orada yaşayacaq azərbaycanlıların maraqları, hüquqları, inkişafı və təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylər göstərəcək. Azərbaycan Qərbi Azərbaycana qayıdacaq vətəndaşlarının təhlükəsizliyi baxımından xarici dövlətlər və beynəlxalq təşkilatlarla, eləcə də Ermənistan hökuməti və ictimaiyyəti ilə dialoq və qarşılıqlı fəaliyyətini davam etdirmək niyyətindədir.