Müəllifin doğum gününə hədiyyə olacaq...

 

Polad Bülbüloğlunun “Eşq və ölüm” baleti fevralın 1-də Akademik Opera və Balet Teatrında nümayiş olunacaq. Baletin budəfəki tamaşası görkəmli bəstəkar, müğənni, Xalq artisti Polad Bülbüloğlunun doğum gününə (4 fevral) – 78 yaşına hədiyyə olacaq.

“Eşq və ölüm” baleti məhəbbət və nifrət, dostluq və xəyanət, həyat və ölüm kimi əbədi mövzulardan bəhs edir.

Polad Bülbüloğlu baleti “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında yaradıb. Əsər ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnəyə qoyulub. Həmin il Akademik Opera və Balet Teatrının truppası tamaşanı Sankt-Peterburqda Mariinski Teatrında, daha sonra Moskvada Böyük Teatrın səhnəsində təqdim edib. 2010-cu ildə isə xoreoqraf Nadejda Malıqinanın təşəbbüsü ilə “Eşq və ölüm” baleti Yekaterinburq Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulub. 2011-ci ildə Yekaterinburq teatrı bu tamaşanı Moskvada Böyük Teatrının səhnəsində, sonra isə Türkiyənin Ankara şəhərində göstərib.