2023-cü il Azərbaycanın kino salnaməsi üçün bir çox cəhətdən əlamətdardır. Bu il Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının isə 100 illiyi tamam olur.

Bu münasibətlə fevralın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində fəaliyyət göstərən Opera Studiyasında "Kinokonsert" adlı multimedia şousu təqdim olunacaq.

BMA-dan bildirilib ki, “Avanqard” kamera orkestrinin çıxış edəcəyi konsert iki əlamətdar yubileyə – “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının 100 və Azərbaycan kinosunun 125 illiyinə həsr olunacaq. Gecədə milli kinomuzun yüksək bədii zövqlə yeni aranjiman edilmiş parlaq musiqi əsərləri səsləndiriləcək.

Orta və yaşlı nəslin nümayəndələri təqdim olunacaq musiqi nömrələrini dinlədikcə gənclik illərini, yaşadıqları anları xoş xatirələr kimi yada salacaqlar.

Biletləri “iTicket.az” saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Lalə