Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün nəzərdə tutulmuş “Özünü kəşf et” adlı ustad dərsləri davam edir.
Bu ilin ilk dərsi fevralın 1-də Hüseyn Haqverdiyevin iştirakı ilə “Həndəsi kodlar” mövzusuna həsr olunacaq. Ustad dərsinin iştirakçıları kağızdan həndəsi fiqurlar kəsib, vizual təsvirlər yaradacaqlar. Bu texnika onlara həndəsə və formalar ilə təcrübə aparmağa imkan verəcək.
Növbəti dərs fevralın 8-də Müşfiq Heydərovun rəhbərliyi ilə “Relyef heykəltaraşlığı” mövzusuna həsr ediləcək. Ustad dərsi ilk dəfə heykəltəraşlıqda özünü sınamaq və ya bu sənət növündə bacarıqları dərinləşdirmək imkanı verir.
Fevralın 15-də isə Miraslan Zeynin rəhbərliyi ilə “Tekstura və kollaj” mövzusunda dərs keçiriləcək. Bu ustad dərsində müasir incəsənətin qarışıq texnikalarından istifadə olunacaq. İştirakçılar kollaj texnikasından istifadə edərək, kətan üzərində əsərlər yaradacaq və əsərlərinə müxtəlif fakturalar verəcəklər.
Fevralın 22-də Bəhruz Kəngərlinin “Rəngkarlıq fakturası” mövzusunda dərsi olacaq. Ustad dərsi iştirakçılara ənənəvi rəngkarlığa yeni bucaqdan baxmağa, həmçinin əsas texnika və üsullarla tanış olmağa imkan verəcək.
Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Dərslər ödənişsizdir. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır. Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir.