İstiləşmə kritik həddə çatacaq

 

Qlobal istiləşmə 10-12 ildən sonra kritik həddə çatacaq. Hətta atmosferə atılan zərərli tullantıların həcminin xeyli azalacağı təqdirdə iqlim istiləşməyə davam edəcək. Bu nəticə süni intellektin analizində əksini tapıb.

2015-ci ildə Parisdə imzalanan iqlim sazişi Yer kürəsində ortaillik temperaturun 1,5 dərəcədən çox artmasına yol verməməyə çağırır. Süni intellekt tərəfindən həyata keçirilən tədqiqatda əvvəllər aparılan analizlərdən daha pessimist nəticə hasil olub: dünya artıq 2033-2035-ci illərdə 1,5 dərəcəlik istilik həddini keçəcək, qlobal istiləşmənin 2 dərəcəlik həddə belə saxlamaq mümkün olmayacaq.

“Dünya zərərli tullantıların hazırkı tempi ilə iki dərəcəlik həddi 2050-ci ildə, azalacağı halda isə 2054-cü ildə keçəcək”, – deyə tədqiqatda bildirilir.

Bununla yanaşı, ekspertlər süni intellektin çıxardığı nəticələrə etibar etməyin hələ tez olduğunu, vəziyyəti tam qiymətləndirmək üçün əlavə tədqiqatlara ehtiyac duyulduğunu deyirlər.