Beynəlxalq konfransda Azərbaycanın Ermənistan tərəfindən məhv edilmiş mədəni irsindən də söz açılıb

 

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının Əlcəzairdə keçirilən 17-ci sessiyasında iştirak edib. “İslam dünyası: modernləşmə və inkişaf çağırışları” mövzusunda sessiyada çıxış edən Sahibə Qafarova Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı otuz ilə yaxın müddətdə tarixi-mədəni irsimizə qarşı həyata keçirilmiş barbarlıqdan da söz açıb.

Qeyd olunub ki, işğal illərində Ermənistan bütün şəhər və kəndlərimizi yerlə-yeksan edib, bu ərazilərdə Azərbaycanın bütün tarixi, mədəni və dini obyektlərini vandalizmə məruz qoyub. İşğalçılar bütün müsəlmanlara tam hörmətsizlik və nifrət hissi ilə məscidlərimizi dağıdıb və təhqir edib, onlardan tövlə kimi yararlanıb. Ermənistanın etnik təmizləmə aparması nəticəsində bir milyondan çox azərbaycanlı işğal olunmuş ərazilərdən məcburi köçkün və Ermənistandan qaçqın vəziyyətinə düşüb.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlığı Təşkilatı da daxil olmaqla digər müvafiq beynəlxalq təşkilatların qətnamələrinin işğalçı dövlət tərəfindən qulaqardına vurulduğunu xatırladan Milli Məclisin sədri bildirib ki, 2020-ci ildə Azərbaycan, BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirməklə ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığını, keçmiş məcburi köçkünlərimizin artıq doğma yurdlarına qayıtması prosesinin başladığını bildirən parlamentin sədri indiki Ermənistan ərazisində əsrlər boyu yaşadıqları doğma torpaqlarından deportasiya edilmiş azərbaycanlıların da hüquqlarının bərpa olunacağına inamını tədbir iştirakçıları ilə bölüşüb. Vurğulayıb ki, vaxtilə Ermənistandan deportasiya edilmiş soydaşlarımızı bir araya gətirən Qərbi Azərbaycan İcması artıq bununla bağlı beynəlxalq birliyə müraciət edib.

Sahibə Qafarova çıxışında İslam dünyasının üzləşdiyi qlobal problemlərə də toxunub. Bildirib ki, İslam dünyasının zəngin tarixə və mədəni irsə, böyük resurslara malik olmasına baxmayaraq, bu gün hələ də həllini gözləyən böyük çətinliklərlə üzləşib, yoxsulluq, sosial və iqtisadi bərabərsizlik, silahlı qarşıdurmalar, humanitar böhranlar, terrorizm və ekstremizm halları modernləşmə və inkişaf səylərinə mane olur. Eyni zamanda Danimarkada, Türkiyənin İsveçdəki Səfirliyi qarşısında “Qurani-Kərim”in yandırılması, Niderlandda baş verənlər də göstərir ki, islamofobiya, ksenofobiya, irqçilik hələ də bitməyib, əksinə demokratiya, insan hüquqları və söz azadlığı adı altında pərdələnərək fikir ayrılıqları və nifrət yaratmağa davam edir.

Milli Məclisin sədri bildirib ki, bu çətinliklərin öhdəsindən gəlmək və öz potensialını tam reallaşdırmaq üçün İslam dünyasının sülh, tolerantlıq, harmoniya və ədalət kimi İslam dəyərlərinə uyğun birliyə və həmrəyliyə ehtiyacı var. Bu mənada, İslam Əməkdaşlıq Təşkilatı həmrəyliyimizin möhkəmləndirilməsi üçün vacib və səmərəli mexanizmdir və ümumi məsələlər üzrə əməkdaşlığımızın, birgə fəaliyyətimizin və davamlı mövqeyimizin inkişafı üçün mühüm zəmindir.

Diqqətə çatdırılıb ki, islamofobiyaya qarşı açıq mövqe ortaya qoyan Azərbaycan mərhəmət dini olan İslamın həqiqi mahiyyətini nümayiş etdirən və İslam mədəniyyətinin təbliğinə yönələn bir sıra tədbirlər təşkil edib. Həmçinin 2008-ci ildə İƏT-ə və Avropa Şurasına üzv ölkələrin iştirakı ilə başlayan “Bakı Prosesi” və sonradan Dünya Mədəniyyətlərarası Dialoq Forumu artıq BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun dəstəklənməsi üçün əsas qlobal platforma kimi tanınıb.

Sahibə Qafarova çıxışında Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyində yanvarın 27-də törədilən terror aktından da danışaraq bu xain hücuma görə bütün məsuliyyətin İran tərəfinin üzərinə düşdüyünü deyib. Bildirib ki, səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi səfirlik əməkdaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı müvafiq öhdəliklərini yerinə yetirməli idi. Biz bu terror aktını törədənlərin, eləcə də bu qanlı aktın sifarişçilərinin ən qısa zamanda müəyyən edilməsini və ən obyektiv şəkildə cəzalandırılmasını tələb edirik.