Kubanın Azərbaycandakı Səfirliyində inqilabçı şair, Kubanın İspaniyanın müstəmləkəçiliyinə qarşı azadlıq mübarizəsinin lideri Xose Martinin (Xose Xulian Marti-Peres; 1853–1895) anadan olmasının 170 illiyi münasibətilə sərgi açılıb.
Sərgidə kubalı rəssam Daniela Pereira və Azərbaycan-Kuba Dostluq Assosiasiyasının prezidenti Xalq rəssamı Arif Hüseynovun əsərləri yer alıb.
Tədbirdə çıxış edən Kubanın Azərbaycandakı səfiri Karlos Enrike Valdes Xose Martini ən universal kubalı adlandırıb və onun ideya və əsərlərinin bu gün də öz aktuallığını qoruyub saxladığını bildirib.
Səfir Kubanın Milli Qəhrəmanı adını almış Xose Martinin Kubada müstəmləkəçiliyə və ümumilikdə köləlik, irqi ayrı-seçkilik və ictimai ədalətsizliyə qarşı, bütün insanların hüquq bərabərliyi uğrunda necə mübarizə aparmasından danışıb.
Xalq rəssamı Arif Hüseynov da öz növbəsində Kuba ilə bağlı təəssüratlarını bölüşüb, sərgidəki rəsmlərlə bağlı məlumat verib. O, Xose Martinə həsr etdiyi əsərlərindən birini səfirliyə hədiyyə edib.
Tədbirdə Bakıdakı diplomatik korpus nümayəndələri, Azərbaycan-Kuba Dostluq Assosiasiyasının üzvləri, müəllim və tələbələr iştirak ediblər.
Sonda kubalı müğənni Yansel Kasteyonun ifasında musiqili proqram təqdim olunub.