Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi dəyərlərə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdisə, deməli, inkişaf və inteqrasiya da məhz onlarla bir addımlayır.

Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində o zamanlar Sovet İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssis kimi hazırlanmasına şərait yaradılmışdır. 1996-cı ilin 2 fevral tarixində keçirilən Azərbaycan Gənclərinin I Forumunda bu barədə danışan Ulu öndər demişdir: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”.

Bu həmin illərin ən böyük nailiyyətlərindən idi. Dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər də onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər.

1993-cü ildə xalqın çağırışı ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsi idi. Ölkədə demokratik proseslərin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədilə Prezident Heydər Əliyev tərəfindən 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalandı. Bununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. Ulu öndərin gənclərlə çoxsaylı görüşləri, onlara verdiyi dəyərli tövsiyələr gənclərin ümummilli maraqları və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edirdi. Bunun məntiqi nəticəsidir ki, 1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin I Forumu keçirildi. Bu tədbir müstəqil Azərbaycanın həyatında çox mühüm əlamətdar hadisələrdən biri idi.  Forumda gənclər və idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayanmasında danışan Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığını vurğuladı.

Ümummilli liderin gəncliyə qayğısı həm də onun 1997-ci il 2 fevral tarixində imzaladığı fərmanla öz təsdiqini tapdı. Dövlət başçının həmin fərmanı ilə bu tarix Azərbaycan Gəncləri Günü elan edildi. Əlbəttə ki, gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarlar gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar idi. Fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Ümummilli liderimizin bu mütərəqqi siyasi xətti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlət başçısı çıxışlarında Azərbaycan gəncliyinə inamını dönə-dönə vurğulayır.

Arifət Əhmədova

Bərdə Rayon Heydər Əliyev Mərkəzinin direktoru