Biz ikitərəfli gündəliyimizin əhatəli məsələləri ilə bağlı çox yaxşı müzakirələr apardıq və bir daha əlaqələrimizin strateji əhəmiyyətini təsdiqlədik. Strateji tərəfdaşlar olaraq biz irəliyə doğru gedirik. Biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin, birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari işbirliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik.

Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri fevralın 2-də Bakıda Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşdə deyib.

Birgə iqtisadi komissiyanın ötən il görüşdüyünü və bu il də bir araya gələcəyini vurğulayan dövlətimizin başçısı bildirib ki, ölkələrimiz arasında əlaqələr çox yaxşıdır. Əlbəttə ki, enerji layihələri tərəfdaşlığımızı gücləndirəcək.

Rumıniya Prezidenti Klaus Yohannis də Bakıya səfərinin və aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb: “Çünki hər ikimiz tərəfdaşlığımızı daha da gücləndirmək əzmindəyik və daha yaxşı nəticələr əldə etmək istəyirik”.

Qeyd edək ki, fevralın 3-də Bakıda Avropa İttifaqı rəsmilərinin və Türkiyə, ABŞ, Britaniya da daxil olmaqla 10-dan çox ölkənin iştirakı ilə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası, həmçinin  “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclası keçiriləcək.