Azərbaycan Xəzər dənizinin ölkəmizə aid sektorunda, eləcə də işğaldan azad edilmiş ərazilər daxil olmaqla quruda böyük həcmdə bərpaolunan enerji potensialına malikdir.

Prezident İlham Əliyev bunu fevralın 2-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanı qəbul edərkən deyib.

Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında iştirakına görə ABŞ nümayəndə heyətinə təşəkkürünü bildirib.

Dövlətimizin başçısı ötənilki toplantıda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi baxımından yaxşı nəticələrin əldə olunduğunu qeyd edib.

Prezident Cənub Qaz Dəhlizinin qoyduğu bünövrənin bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığını vurğulayıb. Ölkəmizin bu sahədə geniş potensialı olduğunu deyən İlham Əliyev Bakıda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının və “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclasının keçirilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, bu tədbirlər bir-birini tamamlayır.

Qeyd edək ki, hər iki tədbir fevralın 3-də keçiriləcək.

Xanım Laura Loxman Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasının əhəmiyyətini vurğulayıb və Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinin enerji təminatına əsaslı töhfələr verdiyini qeyd edib.

O, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında sazişin imzalanması münasibətilə təbriklərini çatdırıb. Görüşdə ABŞ-la Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Söhbət zamanı nümayəndə heyəti ölkəmizin Tehrandakı səfirliyinə qarşı törədilmiş terror hadisəsi nəticəsində Azərbaycan vətəndaşının həlak olması ilə əlaqədar ABŞ-ın başsağlığını ifadə edib.