Sergey Danilov: “Laçın yolundan Azərbaycan gənclərini təbrik edirəm”

 

Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını və müvafiq monitorinqə imkan yaradılmasını tələb edən könüllü gənclər və ekoloqların Laçın-Xankəndi yolunun Şuşa şəhəri yaxınlığından keçən hissəsində etiraz aksiyası davam edir.  2 fevral – Gənclər Günü dinc aksiyanın 53-cü günü idi.

Bu arada dinc aksiyaya Azərbaycanın rus icmasının təmsilçiləri də qoşulublar. İcmanın 30 nəfərdən çox nümayəndəsinin aksiya yerinə gəlməsinin əsas məqsədi ekofəllara dəstək nümayiş etdirməkdir.

“Mənim üçün fevralın 2-si əlamətdar gündür. Çünki keçən il Azərbaycan Prezidenti İlham Əliyevin gənclərlə görüşünün iştirakçılarından biri də mən olmuşam. Biz həmişə Prezidentin diqqət və qayğısını hiss edirik. Fürsətdən istifadə edərək ölkəmizin bütün gənclərini Laçın yolundan Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edirəm.

Bunu aksiya yerində jurnalistlərə müsahibəsində Azərbaycan Rus Gəncləri Assosiasiyasının sədri Sergey Danilov söyləyib.

O deyib: “Artıq iki gündür fəallarımızla birlikdə aksiyada iştirak edirik və tələblərimiz sadədir – Azərbaycan ərazisində yataqların qanunsuz istismarına son qoyulmalıdır. Azərbaycan ekoloqlarının bu yataqlara getmək və onları araşdırmaq hüququ var, çünki Qarabağ Azərbaycan torpağıdır”.

Ekologiya mövzusuna toxunan Sergey Danilov qeyd edib ki, o, Azərbaycanın işğal altında olmuş ərazilərində Ermənistanın ekosid törətməsinin, meşələrin yandırılması ilə məşğul olmasının, ekologiyaya zərər vurmasının şahidi olub. Biz bütün bunları işğaldan azad olunmuş ərazilərimizə səfərə gələrkən müşahidə edirik. Ekoloji terrorun hazırda Qarabağda, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında başvermə ehtimalını istisna etmirik. Bu səbəbdən də burada ekofəallar kimi təbiətin və ətraf mühitin qorunmasının tərəfdarıyıq.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq aidiyyəti qurumların mütəxəssislərindən ibarət heyət sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.