“Azərbaycan səfirliyinə hücuma görə təqsiri olanlar məsuliyyətə cəlb edilsin”

 

ATƏT Daimi Şurasının (Vyana) fevralın 2-də keçirilən iclasında Azərbaycanın Tehrandakı Səfirliyinə ötən həftə edilmiş silahlı hücumla bağlı məsələ qaldırılıb. Bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi, ölkəmizin Avstriya, Slovakiya və Sloveniya üzrə səfiri Rövşən Sadıqbəyli bildirib.

Diplomat ATƏT üzvü olan ölkələrdən 52 nümayəndənin iştirak etdiyi iclasda hücumla bağlı sürətli araşdırma aparılmasına çağırış edib.

İclas iştirakçıları səfirliyə hücumun qınanılması ilə bağlı Azərbaycan nümayəndəsinin çağırışına qoşulublar.

“Azərbaycanın Tehrandakı Səfirliyinə hücumla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə və həlak olan şəxsin ailəsinə başsağlığı veririk”, – deyə ABŞ-nin ATƏT-dəki nümayəndəsi  Maykl Karpenter deyib.

O bildirib ki, ABŞ zorakılığın istənilən formasını pisləyir və xarici diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməyə sadiqdir: “Biz İran hakimiyyətini araşdırma aparmağa və hücuma görə təqsiri olanları məsuliyyətə cəlb etməyə çağırırıq. Qeyd edirik ki, Azərbaycanın bir sıra digər ölkələrdəki nümayəndəlikləri də son aylarda təhlükəsizlik problemləri ilə üzləşib. Biz bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyini dəstəklədiyimizi bir daha bildiririk. Biz İran hökumətinə Vyana Konvensiyasına uyğun olaraq, İrandakı xarici diplomatları qorumaq məsuliyyətini xatırladırıq”.

Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi İrandakı səfirliyimizə hücumu qınayan, qurbanların ailələrinə başsağlığı verən və sürətli araşdırma aparılmasına çağıran həmkarlarına təşəkkür edib.

Qeyd edək ki, yanvarın 27-də saat 8:30 radələrində Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaşı yaralanıb. Bundan sonra Azərbaycan tərəfi səfirliyin fəaliyyətinin dayandırılması və heyətin təxliyə edilməsi barədə qərar qəbul edib. Yanvarın 29-da səfirlik əməkdaşları və onların ailə üzvləri xüsusi aviareyslə Bakıya gətiriliblər.