Fevralın 6-da baş verən zəlzələdən sonra Azərbaycan da daxil olmaqla bir sıra ölkələr Türkiyəyə yardım üçün hərəkətə keçiblər. Xəbər verdiyimiz kimi, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin çevik xilasedici qüvvələrindən ibarət ilk təyyarə Bakıdan Adana şəhərinə yola düşüb.

Avropa İttifaqının (Aİ) ilk olaraq Niderland və Rumıniyadan olan xilasedici komandası fevralın 6-da Türkiyəyə salınıb. Bunu Aİ-nin böhranların idarə edilməsi üzrə komissarı Janez Lenarcic bildirib.

"Türkiyədə baş verən zəlzələdən sonra Aİ-nin Mülki Müdafiə Mexanizmini işə saldıq. Aİ-nin Fövqəladə Hallara Cavab Koordinasiya Mərkəzi Avropadan xilasetmə qruplarının göndərilməsini koordinasiya edir. Niderland və Rumıniyadan xilasedici komandalar artıq yoldadır" - deyə, o, qeyd edib.

Aİ Türkiyədəki zəlzələdən sonra fövqəladə vəziyyətdə xəritə xidməti göstərmək üçün "Kopernik" peyk sistemini də aktivləşdirib.

Bu barədə Aİ-nin Ali nümayəndəsi və böhranlar üzrə komissarının birgə bəyanatında bildirilib.

Bəyanatda vurğulanır ki, Avropa İttifaqı Mülki Müdafiə Mexanizmini aktivləşdirdikdən sonra Türkiyə üçün axtarış-xilasetmə qruplarını səfərbər edib. Niderland və Rumıniyadan sonra Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Yunanıstan, Polşa da daxil olmaqla ümumilikdə 10 axtarış-xilasetmə qrupu səfərbər edilib. İtaliya və Macarıstan da Türkiyəyə xilasetmə qruplarını təklif edib. Aİ-nin Fövqəladə Hallara Müdaxilə Koordinasiya Mərkəzi, lazım gələrsə, əlavə dəstəyi koordinasiya etmək üçün Türkiyə rəsmiləri ilə birbaşa əlaqə saxlayır.