Fevralın 5-də görkəmli bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin (1918-1982) anadan olmasının 105 illiyi tamam oldu.

Bu münasibətlə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bəstəkarın həyat və yaradıcılığından bəhs edən “Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu” adlı videomaterial və “Qara Qarayev – 105” başlığı altında ənənəvi sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, videomaterialda Qara Qarayevin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxslərin sənətkar haqqında fikirləri, layiq görüldüyü mükafatlar, əsərləri, musiqi bəstələdiyi filmlər haqqında məlumatlar əks olunub. Burada dahi bəstəkarın foto və video qalereyası ilə yanaşı, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar da yer alıb.

Ənənəvi sərgidə isə görkəmli bəstəkar haqqında Azərbaycan və rus dillərində qələmə alınan “Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri”, “Qara Qarayev həyat və yaradıcılığı haqqında qısa oçerk”, “Qara Qarayev tələbələrinin xatirəsində” və digər bu kimi kitablar, not əsərləri nümayiş olunur.