AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nübar Həkimovanın “Azərbaycan mifoloji düşüncəsində ana və at kultları” kitabı işıq üzü görüb.

İnstitutdan bildirilib ki, yeni nəşr Azərbaycan mifopoetik düşüncə tarixinin köklərinə, folklorumuzun ən dayanıqlı arxetipləri olan ana və at kultlarına həsr olunub. Yeddi fəsildən ibarət olan kitabda qadın-ana və at kultlarının mifopoetik kodları, semantik-bədii xüsusiyyətləri, bu kultların folklordakı təzahürü, milli-mənəvi düşüncədəki yeri və digər məsələlərə aydınlıq gətirilib.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, rəyçiləri pedaqogika elmləri doktoru, professor Rüfət Hüseynzadə və filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılovdur.