Səfər Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə gerçəkləşib

 

Xəbər verildiyi kimi, geniş tərkibdə beynəlxalq səyyahlar qrupu 4-6 fevral tarixlərində Azərbaycanın azad edilmiş ərazilərinə səfər edib. 30 nəfərlik heyətdə 12 ölkənin – ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları yer alıblar.

Dünyanın aparıcı beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və Türkiyə Gəzginlər Klubu heyətlərinin 2021-ci ildə bir, 2022-ci ildə isə dörd dəfə Qarabağa və Şərqi Zəngəzura səfərləri gerçəkləşib.

Sayca altıncı səfər azad edilmiş ərazilərə, o cümlədən otuzillik erməni barbarlığından sonra bu yerlərin necə yenidən qurulmasına, bərpa edilməsinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını bir daha göstərir. Qrupda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər də var.

Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də beynəlxalq səyahətçilərin azad edilmiş ərazilərə səfərində onlara məşhur azərbaycanlı səyyah Mehrac Mahmudov bələdçilik edib.

Qeyd edək ki, bu səfərlər azad edilmiş ərazilərin “dark tourism” (“qaranlıq turizm”)  çərçivəsində tanıdılmasında müstəsna rol oynayır. Beynəlxalq səyahətçilər 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanıblar.

Budəfəki səfər Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə gerçəkləşib.

Beynəlxalq səyyahların Qarabağa səfəri Füzulidən başlayıb. Onlar işğal müddətində ərazidə törədilmiş dağıntıları, talan edilmiş maddi-mədəni irsi, Azərbaycan Ordusunun qəhrəmanlıqla yardığı istehkamları, sədləri lentə alıb, bəziləri ilə yerində tanış olublar.

Qarabağın “hava qapısı” – Füzuli Beynəlxalq Hava Limanı ilə tanışlıqdan sonra xarici səyyahlar Xocavənd rayonundakı Azıx mağarasına gəliblər. Qonaqların diqqətinə çatdırılıb ki, Azıx mağarası Azərbaycan ərazisində Daş dövründə ibtidai insan məskənlərinin olduğunu sübut edir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov səyyahlara Azıx mağarasının tarixi, burada aparılmış arxeoloji tədqiqatlar barədə ətraflı məlumat verib.

Onlar işğal dövründə bu tarixi-mədəni abidənin də talan edilməsi, burada qanunsuz tədqiqat və qazıntı işlərinin aparılması barədə faktlarla yerində əyani şəkildə tanış olublar.

Sonra səyyahlar qrupu “Zəfər yolu” ilə Şuşaya gəliblər. Şuşaya səfər Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidən başlayıb.

Şuşanın girişində beynəlxalq səyyahlar Xankəndi-Laçın yolu üzərində iki aya yaxındır fasiləsiz davam edən aksiyanın iştirakçıları ilə söhbət ediblər. Aksiya fəalları tələbləri barədə məlumat veriblər. Bildirilib ki, bu aksiya Azərbaycanın suveren ərazisində mədəni sərvətlərin qanunsuz istismarına, talanmasına və daşınmasına qarşıdır.

On iki ölkəni təmsil edən səyyahlar yolun humanitar məqsədlər üçün açıq olmasına, aksiya iştirakçılarının dinc şəkildə şüarlar səsləndirməsinə şahidlik ediblər. Onlar  aksiyada iştirak edən gənclərlə şəkillər çəkdiriblər.

“Azərbaycanlı ekofəallar 55 gündür buradadır. Ekofəallar təbiətin qorumasını tələb edirlər. Ümid edirəm ki, onlar məqsədlərinə çatacaqlar. Təbiət gözəllikdir və bu, qorunmalıdır”, – deyə jurnalistlərə açıqlamasında səyyah Saşa Heeney bildirib.

Səyyah aksiyanın mahiyyətinə də diqqət çəkib: “Gözlərimlə görürəm ki, burada avtomobillərin keçidinə heç bir maneə yoxdur. Bu, dinc etirazdır”.

Sonra Cıdır düzünə gələn səyyahlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər. Onlar Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanında da olublar.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara Şuşa şəhəri, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib.

Səfər fevralın 5-də Kəlbəcər rayonunda davam edib. Onlar rayonun Zülfüqarlı kəndi ərazisindəki İstisuda da olublar.

Səyyahların sonrakı dayanacağı Laçın rayonu olub. Qonaqlara məlumat verilib ki, işğal altında olmuş digər şəhər və rayonlarımız kimi, Laçın da erməni vandalizminə məruz qalıb, buradakı evlər, tarixi tikililər və abidələr dağıdılıb. Lakin işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən burada quruculuq işlərinə başlanılıb və işlər sürətlə davam etdirilir. Səfər zamanı səyyahlar Laçın şəhərində nümunə olaraq inşa edilmiş evlərə də baxış keçiriblər.

Beynəlxalq səyyahlar qrupunun işğaldan azad edilmiş ərazilərə səfərinin növbəti ünvanı Cəbrayıl rayonu olub. Onlar fevralın 6-da rayon ərazisində yerləşən unikal tarixi abidə - Araz çayı üzərindəki Xudafərin körpülərinə baş çəkiblər. Qonaqlara 44 günlük Vətən müharibəsində azad olunan Cəbrayıl rayonu, o cümlədən Xudafərin körpüsü barədə, həmçinin Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət izləri haqqında məlumat verilib.

Səyyahlar qrupunun işğaldan azad edilmiş ərazilərə səfərinin sonuncu ünvanı Ağdam rayonu olub. Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən Ağdam Cümə məscidinə, Dram Teatrı binasının qalıqlarına və yerlə bir edilmiş Şəhidlər xiyabanına baxış keçirilib. Bildirilib ki, işğala qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın inkişaf etmiş şəhərlərindən idi. İndi bu şəhərin yerində talan edilmiş  xarabalıqlar qalıb.

Qonaqlar Ağdamda aparılan tikinti-quruculuq işləri ilə də tanış olublar. Bildirilib ki, Azərbaycan qısa müddətdə, özü də heç bir xarici maliyyə dəstəyi olmadan xarabalıqlarda cənnət yaradır.

“Ağdamda gördüyümüz dağıntılar bizi çox sarsıtdı. Burada erməni işğalçılarının Azərbaycan mədəniyyətinin necə məhv etdiklərinin şahidi oldum. Sentyabr ayında burada olduğum müddətdən bəri burada aparılan yenidənqurma və bərpa işləri bizi heyrətləndirir” – bunu belçikalı səyyah Yves Bouvie deyib.

“İnanıram ki, Azərbaycan qarşıdakı bir neçə il ərzində Qarabağı bərpa etməyə müvəffəq olacaq”, – deyən səyyah Ermənistan-Azərbaycan münaqişəsi barədə beynəlxalq mediada yazılanlar haqqında da fikrini bildirib. Qeyd edib ki, bu münaqişə ilə bağlı qərəzli fikirlər sərgilənir: “Azərbaycan beynəlxalq səyyahları bu ərazilərə dəvət etməklə bizə münaqişə barədə reallıqları dünya birliyinə çatdırmaq üçün gözəl imkan yaradır”.

***

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə səfər edən səyyahlar qrupu Bakıda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə də görüşüblər.

“Ermənistanın 30 illik dağıdıcı hərbi işğalından azad edilmiş əraziləri ziyarət edən 6-cı beynəlxalq ziyarətçilər qrupu. Təbiətin gözəlliyi və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı yenidənqurma işlərinin miqyası beynəlxalq ziyarətçiləri heyran edib”, – deyə Hikmət Hacıyev səyyahlarla görüşü barədə “Twitter” hesabında paylaşımında bildirib.