Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov ikinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində Avstriyada yaşayan müsabiqə qalibi Emil Məmmədli ilə onlayn, Əli Əhmədovla isə üz-üzə görüş keçirib.

Hər iki qalibi təbrik edən Emin Hüseynov onların praktiki fəaliyyətə cəlb olunmaqla idarəçilik sahəsində təcrübəsinin artırılması üçün zəruri dəstək göstəriləcəyini bildirib. O, layihənin idarəçi rəhbərlərindən biri olaraq 1 illik fərdi inkişaf planı əsasında müsabiqə qalibləri ilə sıx əməkdaşlıq edəcəyini, onlarla təcrübəsini bölüşəcəyini və potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini deyib.

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi qəbula görə Prezidentin xüsusi nümayəndəsinə təşəkkür ediblər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, alitəhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən (qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və final) ibarətdir. Qaliblər idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Dövlət başçısı 2022-ci il dekabrın 20-də 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Müsabiqə bu il keçirilməlidir.