Fevralın 7-də Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyə prosesinə başlanılıb. Bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.

Səfir deyib ki, bununla bağlı Azərbaycan hökuməti tərəfindən müvafiq qərar qəbul edilib və fevralın 7-si günorta saatlarından başlayaraq Türkiyənin Kahramanmaraş, Malatya, Qaziantep və Adana vilayətlərinin avtovağzallarından təxliyə avtobusları yola düşüb.

Rəşad Məmmədov qeyd edib ki, təxliyə ediləcək Azərbaycan vətəndaşları Gürcüstan üzərindən ölkəyə yola salınacaq.

Səfir qeyd edib ki, zəlzələ baş verən bölgələrdə təhsil alan tələbələrin sayı çoxdur və onların sayını müəyyənləşdirməyə, dağıntılar arasında qalanların olub-olmamasını dəqiqləşdirməyə başlamışıq. Xatırladaq ki, fevralın 6-da Malatyada bir binanın dağılması nəticəsində 4 azərbaycanlı tələbənin dağıntılar altında qaldığı barədə xəbərlər yayılmışdı.

“Biz onların ad və soyadını dəqiqləşdirərək bütün xəstəxanalarda axtarış apardıq. Amma bu günə (7 fevral – red.) qədər hələ onlarla bağlı bir məlumat yoxdur. Biz yenə araşdırırıq. Türkiyənin rəsmi qurumlarının hər gün yaydığı ölən və xəsarət alanlar arasında da həmin tələbələrin adı çıxmayıb. Bu məlumatlar hər gün yenilənir. Araşdırmalarımız davam edir...”, – deyə səfir bildirib.