İran mediası Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında  yayımlanan konsert proqramının 28 saniyədən ibarət hissəsini kəsib yayaraq Azərbaycana qarşı informasiya təxribatı həyata keçirib. Fevralın 7-də sosial şəbəkələrdə geniş yayılan həmin görüntülərlə bağlı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC açıqlama yayıb.

Açıqlamada bildirilir ki, İran dövlətinin Azərbaycana qarşı siyasəti və qərəzli mövqeyi media müstəvisində də davam edir. “İranlı həmkarlarımız” bu yolda jurnalist adına və etikasına yaraşmayan bütün metodlara əl atır: “Növbəti addım isə “Mədəniyyət” kanalında yayımlanan və Mikayıl Müşfiqin faciəvi taleyinə həsr olunmuş “Müşfiq ağıları” adlı oratoriyadan bir hissəni kəsib paylaşmaq oldu. Həmin hissədə SSRİ dönəmində rejimin Azərbaycanda din əleyhinə təbliğatı, İslam dini ilə mübarizəsi yer alır. İran mediası məhz 28 saniyədən ibarət həmin hissəni kəsərək Azərbaycanı İslam dininə, məscidlərə, azana qarşı mübarizə aparmaqda ittiham edir. Bu ittiham həm gülməli, həm də ağlamalıdır. Əvvəla, müsəlmanlara qarşı soyqırımı, terror siyasəti həyata keçirən Ermənistanı Quran ayələri ilə qarşılayan, məscidlərin darmadağın edilməsinə, orada donuz saxlanılmasına, bir dəfə də olsa, səsini çıxarmayan, bu gün də xalqına, xüsusən də Cənubi azərbaycanlılara qarşı repressiyalara ara verməyən İran dövlətinin kimisə, o cümlədən də Azərbaycanı İslam dininə xəyanətdə ittiham etməyə haqqı varmı?”.

Açıqlamada vurğulanır ki, ermənipərəst İran rejimini başa düşdük, amma daxildəki bəzi dairələrin də fars rejiminin dezinformasiya siyasətinə dəstək verərək, araşdırma aparmamış Mədəniyyət TV-yə hücuma keçməsi məsələnin ən acınacaqlı tərəfidir. Diqqətə çatdırılır ki, 2022-ci ilin 14 oktyabr tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin yaradıcılıq gecəsi keçirilib: “Musiqili gecədə repressiya qurbanı olan şair Mikayıl Müşfiqin faciəvi taleyinə həsr olunmuş “Müşfiq ağıları” adlı oratoriya ilk dəfə təqdim edilib. Librettonun müəllifi Xalq şairi Sabir Rüstəmxanlının olduğu əsərin dirijoru Mustafa Mehmandarov olub. Əsəri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və bədii rəhbəri Gülbacı İmanova olan Azərbaycan Dövlət Xor Kapellası ifa edib, əsərin ideoloji xətti SSRİ-nin İslam dininə qarşı mübarizəsi, Azərbaycan ziyalılarını da əsasən din pərdəsi altında repressiyaya məruz qoymasıdır. “Müşfiq ağıları” adlı oratoriyadan məhz həmin hissəni – 28 saniyəlik parçanı çıxarıb yaymaq isə ictimaiyyəti çaşdırmaqdan başqa bir şey deyil”.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC “Müşfiq ağıları” oratoriyasının “Mədəniyyət” kanalında yayımlanan tam videoyazısını da təqdim edib: https://youtu.be/5pYy5260_58