Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində baş verən dağıdıcı zəlzələdən sonra itkin sayılan üç azərbaycanlı – Göyçə Baxşəliyeva, Nəzrin Əlizadə və Sevda Əliyeva tapılıb.

Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli bildirib ki, universitetin tələbəsi Göyçə Baxşəliyeva dağıntıya məruz qalmış binanın altında iki sutkaya yaxın qaldıqdan sonra xilas olunub: “Xəsarətlər alıb, ümumi vəziyyəti ağır deyil. Müayinələrdən sonra səhhəti haqqında dəqiq məlumatı həkimlərdən alacağıq”.

Həmran Əmirli onu da əlavə edib ki, tələbənin vəziyyəti ilə bağlı məsələ Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzarətindədir: “Valideynlərinin də məlumatı var”.

Ümumilikdə Kahramanmaraşda 50-dən çox tələbənin olduğunu bildirən Həmran Əmirli yalnız itkin tələbələr deyil, digərlərinin və zəlzələ zonasında yaşayan Azərbaycan vətəndaşlarının taleyi ilə səfirlik mütəmadi əlaqə saxlayır: “Xoşbəxtlikdən tələbələrimizin çoxu semestr imtahanlarını başa vurub, tətilə gedib. Biz burada Türkiyə və Azərbaycanın dövlət qurumlarından kifayət qədər dəstək alırıq. Amma yaxşı olardı ki, imkanlı iş adamları, qeyri-dövlət təşkilatları da istilik, geyim, qida məsələsində zəlzələdən zərərçəkənlərə dəstək olaydı. Hazırda onların pula yox, bu zəruri ehtiyaclara tələbatları var. Çünki dağıntı həddən artıq çoxdur. Təsəvvür edin Kahramanmaraşda bir məhəllədə 15 mərtəbəli 15 bina yerlə bir olub. Azərbaycanlı xilasedicilərimiz də burada bacardığı qədər dəstəyini göstərir. Amma təbii fəlakət bölgəsində həyatda qalmaq üçün minimum ehtiyacları qarşılamaq üçün dəstək lazımdır. Həm də soyuq hava şəraiti də işləri daha da çətinləşdirir”.

Digər itkin xəbərini aldığımız, sonradan dağıntılar altından çıxarılan həmyerlilərimiz isə Hatay vilayətinin mərkəzi Antakya şəhərində yaşayan Sevda Əliyeva və qızı Nəzrin Əlizadədir.

Nəzrin  Əlizadə Antakya şəhərindəki Mustafa Kemal Universitetində yenicə müəllim kimi fəaliyyət başlayıb.

Ana və qızının yaşadığı ev zəlzələdə dağıntıya məruz qalıb, amma onları xilas etmək mümkün olub. Hatayın Antakya və İskenderun şəhərlərində olan böyük dağıntılarla əlaqədar əraziyə gəliş-gediş, eləcə də rabitə çətinliyi olduğu üçün fevralın 6-da gün boyu onlarla əlaqə saxlaya bilmədik.

Azərbaycanın Türkiyədəki Səfirliyinə müraciətimizdən sonra günün sonunda ana ilə qız haqqında məlumat ala bildik. Nəzrinin dağıntıdan xəsarət aldığını, amma hazırda səhhətinin qənaətbəxş olduğunu, yaşayış yerlərinin tamamilə dağıldığını öyrəndik.

Azərbaycanın Türkiyədəki Səfirliyindən verilən məlumata görə, zəlzələ nəticəsində ölənlər və ağır xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması haqqında hələlik səhih məlumat yoxdur: “Zəlzələ baş verən ərazilərdən Türkiyədəki azərbaycanlı tələbələr və digər Azərbaycan vətəndaşlarının təxliyəsi üçün hazırlıqlar aparılır. Kahramanmaraş, Diyarbəkir, Adıyaman, Malatya, Qaziantep, Kilis, Şanlıurfa, Adana, Hatay, Osmaniyə vilayətlərində olan vətəndaşlarımızın təxliyəsi üçün avtobuslar ayrılıb...”.

Mehparə Sultanova
Ankara