Türkiyədə baş vermiş zəlzələdə zərərçəkənlərə dəstək məqsədilə fevralın 8-də axşam saatlarında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardımla dolu təyyarə yola salınıb.

Təyyarə ilə 36 ton yardım – müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, həmçinin isti geyimlər və çadırlar aparılıb.

Azərbaycandan Türkiyəyə qardaş köməyində aidiyyəti qurumlarla bərabər bütün xalq yaxından iştirak edir. Fevralın 7-də  Bakıda əhali tərəfindən başlanan yardım toplama kampaniyası ayın 8-də daha da genişlənib. Yardım kampaniyası Türkiyənin Azərbaycandakı Səfirliyi və Heydər Əliyev Fondu tərəfindən koordinasiya edilir.

Türkiyə səfirliyi tərəfindən təşkil olunan kampaniya çərçivəsində əhalidən, təşkilatlardan yardım – isti geyim, yataq və ən zəruri məişət ləvazimatı, ərzaq və s. Tbilisi prospektindəki Heydər Əliyev adına İdman Kompleksində (“Avropa” hotelinin  yanında) qəbul olunur. Heydər Əliyev Fondu tərəfindən yardım kampaniyası Əl Oyunları Sarayında (“Dəniz Mall”ın yanında) keçirilir.

Türkiyə səfiri Cahit Bağcı fevralın 8-də yardımların toplandığı yerə gedib. “Qəlbi Türkiyə ilə atan qardaşlarımız! Kimin nəyə gücü çatırsa, gətirir. Var olun”, – deyə səfir “Twitter” səhifəsində qeyd edib.

Fevralın 8-də Bakıda Türkiyəyə dəstək məqsədilə yaradılmış “Qardaş köməyi” platformasının təqdimatı da keçirilib. Platforma “Bakı KOB evi”ndə Türkiyənin Azərbaycandakı Səfirliyi ilə əlaqələndirilməklə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi (MÜSİAD Azərbaycan), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), eləcə də bir sıra ictimai birliklərin dəstəyi ilə təsis olunub.

Qeyd olunub ki, bir millət, iki dövlət ruhuna uyğun olaraq, Türkiyə və Azərbaycan sevincli və kədərli günlərdə hər zaman birlikdədir, çətin vaxtlarda bir-birini dəstəkləyir.. Sadə vətəndaşdan tutmuş, dövlət və özəl qurumlara qədər hər kəs Türkiyəyə dəstək olmağa hazırdır. Yerli biznes də yardım prosesində fəal iştirak edir. Yerli iş adamları şirkətlərinə məxsus nəqliyyat vasitələrini, yük maşınlarını təmənnasız olaraq prosesə cəlb edirlər. Yardım prosesinin effektiv təşkili, əlaqələndirilməsi və yardımların ehtiyaca uyğun operativ təmin edilməsi məqsədilə “Qardaş köməyi” platforması yaradılıb.

Bu arada Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, fevralın 6-7-də və ayın 8-də günün birinci yarısında Azərbaycandan Türkiyəyə 7 təyyarə yola salınıb, həmçinin avtomobil karvanı göndərilib. Buraya xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin, modul səhra hospitalları, tibbi avadanlıq, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və s., habelə zərər çəkmiş əhali üçün humanitar yardım daxildir. Ümumilikdə, fevralın 8-nə olan məlumata görə, FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 41 nəfəri həkim və texniki işçisidir.

Zəlzələdən əziyyət çəkən qardaşlarımıza dəstək məqsədilə fevralın 8-də Naxçıvandan Türkiyəyə ilkin olaraq 12 TIR yola salınıb.

Gəncə sakinləri də "Qardaş köməyi" təşəbbüsünə fəal qoşulublar. Şəhər sakinləri axın-axın yardım toplama məntəqəsinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verirlər.