Türkiyənin cənub-qərbində fevralın 6-da gecə saatlarında baş vermiş dəhşətli zəlzələnin doğurduğu dağıntı və tələfatın miqyası hər ötən gün ortaya daha acı tablo çıxarır.

Fevralın 8-si axşama doğru açıqlanan rəsmi məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayının 9 min nəfəri keçib. Yaralı sayı 53 minə çatıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə zəlzələ bölgəsinə səfəri zamanı Hatayda bildirib.

O, 60-dan çox ölkədən yardımlar gəldiyini deyib. Ərdoğan bu sırada Azərbaycan başda olmaqla, İsrail, Səudiyyə Ərəbistanı, Qətər və digər ölkələrin dəstəyini xüsusi qeyd edib. Eyni zamanda, bu ağır dönəmdə çirkin kampaniyalar aparanları kəskin tənqid edib, birlik və həmrəyliyin vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti zəlzələdə yaralananların müalicəsi üçün Azərbaycanın tibb müəssisələrində 2 min çarpayı-yer ayrıldığını da diqqətə çatdırıb. Ərdoğan bunu Kahramanmaraşda zəlzələnin fasadları ilə tanış olarkən deyib.

Qeyd edək ki, Türkiyə Prezidenti fevralın 8-də axtarış-xilasetmə işlərini yerində koordinasiya etmək üçün zəlzələ bölgəsinə səfər edib. Dövlət başçısı ilk olaraq Kahramanmaraş şəhər mərkəzində olub, oradan digər vilayətlərə gedib.