Dövlət İmtahan Mərkəzi (DİM) musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən konsertmeysterləri əməkdaşlığa dəvət edir.

DİM-dən bildirilib ki, musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları zamanı abituriyentlər orkestr alətləri, xalq çalğı alətləri, vokal sənəti, dirijorluq, xanəndəlik və populyar musiqi və caz ifaçılığı ixtisasları üzrə imtahanlarda konsertmeysterlərin müşayiəti ilə ifa nümayiş edirlər.

Konsertmeysteri olmayan abituriyentlərin imtahanda ifasını təmin etmək üçün DİM imtahanlara növbətçi konsertmeysterlər dəvət edir. Qeyd olunan ixtisaslar üzrə konsertmeyster kimi fəaliyyət göstərən alitəhsilli şəxslər əməkdaşlıq etmək üçün DİM-ə müraciət edə bilərlər.

Namizədlərin musiqi sahəsi üzrə ali təhsili, konsertmeyster kimi ən azı 5 illik iş təcrübəsi, notu yüksək səviyyədə üzdən oxumaq bacarığı olmalıdır. Tar və kamança cütlüyünü müşayiət edən konsertmeysterlər muğamları, dəsgahları, təsnifləri, rəngləri, xalq mahnılarını, bəstəkar mahnılarını bilməlidir.

Qeydiyyatdan keçən namizədlər müsahibəyə dəvət olunacaqlar. Müsahibədən keçən konsertmeysterlərlə 5 illik xidməti müqavilə bağlanılacaq.

Ətraflı məlumat DİM-in saytında.