Leypsiq kitab yarmarkası Almaniyada böyüklüyünə görə Frankfurt kitab yarmarkasından sonra ikinci yerdədir. Ənənəvi sərgi hər il dörd gün davam edir. Pandemiya ilə bağlı üç il aradan sonra Leypsiq yarmarkası yenidən qapılarını bütün kitabsevərlərə açacaq.

Bu il sərgi aprelin 27-dən 30-dək keçiriləcək. Leypsiq yarmarkasının direktoru Oliver Sille ən azı 130 min ziyarətçi gözlədiklərini bildirib. Pandemiyadan öncəki 2019-cu ildə yarmarkanı 216 min nəfər ziyarət edib. Sille vurğulayıb ki, belə uzun fasilədən sonra əvvəlki səviyyəyə qayıtmaq üçün vaxt tələb olunur. Əgər böhranaqədərki göstəricinin 60 faizini əldə etsək, bu, şübhəsiz, uğur olacaq.

Təşkilatçılar 2019-cu illə müqayisədə təqribən 75 faiz eksponentdən iştirak üçün müraciət alıblar. Yarmarka çərçivəsində həm sərgi ərazisində, həm də şəhərin özündə çoxsaylı müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır. Bundan başqa, 200 qiraət zalı açılacaq.