UNESCO mütəxəssisləri Suriya və Türkiyədə baş vermiş zəlzələlərdən sonra zərər çəkmiş irs obyektlərinə dəyən ziyanı qiymətləndirəcək.

Bu barədə açıqlama verən təşkilatın mətbuat üzrə nümayəndəsi Tom Mallar bildirib ki, UNESCO bu ərazilərin operativ şəkildə qorunması məqsədilə dəqiq zərərin qiymətləndirilməsini tərtib etmək üçün ICOMOS (Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şura) kimi tərəfdaşları ilə birlikdə ekspertlərini cəlb edəcək.

Xatırladaq ki, zəlzələ nəticəsində UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Diyarbəkir qala divarları (Türkiyə) və Hələb qalası (Suriya) da zərər görüb.