Qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər görən insanlara yardım məqsədilə ölkəmizdə böyük yardım kampaniyası həyata keçirilir. Naxçıvan Dövlət Milli Dram Teatrı da bu aksiyaya qoşulub.

Kollektiv teatrın repertuarında olan çex dramaturqu Karel Çapekin (1890-1938) “Ana” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı 9-19 fevral tarixlərində xeyriyyə məqsədilə nümayiş etdirəcək. Tamaşanın nümayişindən əldə olunacaq vəsait zəlzələdən əziyyət çəkən insanlara kömək üçün Türkiyəyə göndəriləcək.   

Premyerası ötən ilin yanvarında reallaşan səhnə əsərinin rejissoru və musiqi tərtibatçısı Həcərxanım Məmmədova, rejissor assistenti Səyyad Məmmədov, quruluşçu rəssamı muxtar respublikanın Əməkdar rəssamı Səyyad Bayramovdur.

Tamaşada rolları Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli (Ata), Zəminə Məmmədova (Ana), Ələsgər Quliyev (Andrey), Səyyad Məmmədov (Yuri), Məmməd Mehdiyev (Kornel),Uğur Nəsirli (Pyotr) və Nurlan Sultanlı (Toni) ifa edirlər.

Qeyd edək ki, müharibə əleyhinə yazılmış pyes insanın Vətən və bəşəriyyət qarşısındakı borcuna həsr olunub. 1938-ci ildə qələmə alınan əsər qısa vaxtda dünyanın bir çox dillərinə tərcümə edilib. Pyes həmin il yazıçı, tərcüməçi Əvəz Sadıq tərəfindən dilimizə çevrilib.