Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə martın 28-də “Teatr: burada və indi” mövzusunda beynəlxalq tələbə elmi konfransı keçiriləcək.

Universitetdən ADMİU-nun 100 illik yubileyinə və Azərbaycan milli peşəkar teatrının 150 illiyinə həsr olunan konfransda bakalavriatura və magistratura səviyyələri üzrə təhsil alan tələbələr iştirak edə bilər.

Konfransın keçirilməsində məqsəd tələbələri çağdaş teatr barədə düşünməyə, müxtəlif ölkələrdə yaşayan tələbələr arasında əlaqələrin qurulmasına yardımçı olmaq və elmə marağı olanların həvəsləndirilməsinə və tədqiqatçılıq vərdişlərinin təkmilləşməsinə kömək göstərməkdir.

Beynəlxalq konfransa teatr sənətinin müasir problemləri, teatr nəzəriyyəsi və tarixi paradiqmalara müasir baxış, gələcəyin teatrı – təhdidlər və perspektivlər, teatrda məkan problemi, teatr və zaman, çağdaş teatr və dramaturgiya problemləri, teatr tənqidinin müasir problemləri və s. istiqamətlər üzrə məruzələr qəbul edilir.

Hibrid formada (üz-üzə və onlayn) təşkil ediləcək konfransın işçi dilləri Azərbaycan, türk, rus və ingilis dilləridir. Konfransda iştirak etmək istəyən tələbələr məruzəsini martın 15-dək konfrans@admiu.edu.az elektron ünvanına göndərməlidirlər.

Konfrans haqqında ətraflı məlumatla ADMİU-nun saytında tanış olmaq mümkündür.