Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovski “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Dövlət başçısı İlham Əliyev fevralın 9-da bununla bağlı sərəncam imzalayıb.

Xalq artisti Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Fevralın 10-da Aleksandr Şarovskinin 75 yaşı tamam olur. Aktyor, rejissor kimi tanınan sənətkar teatrda zəngin yaradıcılığı ilə yanaşı, filmlərdə, televiziya tamaşalarında maraqlı rollar oynayıb. Həmçinin fəal ictimai xadimdir, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri. 2008-ci ildə Azərbaycanın “Şöhrət”, 2018-ci ildə “Şərəf” ordeni ilə təltif edilib.

Onu da qeyd edək ki, 10-11 fevral tarixlərində Akademik Rus Dram Teatrında A.Şarovskinin 75 illik yubileyi münasibətilə hazırlanmış “Kral” Benya və başqaları” tamaşasının premyerası olacaq. İsaak Babel və Şolom Aleyxemin əsərləri əsasında səhnələşdirilən tamaşaya yubilyar özü quruluş verib.

Aleksandr Şarovskini əlamətdar yubileyi və dövlət təltifi münasibətilə təbrik edirik.