Prezident İlham Əliyev fevralın 8-də Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, ölkədə mövcud dini konfessiyaların fəaliyyətini dəstəkləmək, habelə cəmiyyətdə etnik-dini müxtəlifliyin qorunması və multikultural dəyərlərin daha da inkişaf etdirilməsi məqsədilə dini qurumlara 2023-cü il üzrə aşağıdakı məbləğdə maliyyə yardımı ayrılıb: Qafqaz Müsəlmanları İdarəsi – 1 milyon manat; Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Bakı şəhəri Dağ yəhudiləri dini icması,  Avropa yəhudilərinin Bakı dini icması, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası, Azərbaycan Respublikasının Alban-udi xristian dini icması – hər birinə 350 min manat. Həmçinin digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb.