Türkiyə 95 ölkədən yardım təklifi alıb

 

Türkiyədə fevralın 6-da baş vermiş dəhşətli zəlzələnin doğurduğu tələfatın acı tablosu hər ötən gün daha da böyüyür.

Fevralın 9-u axşama doğru açıqlanan rəsmi məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 17 mini ötüb. Yaralananların sayı 70 mindən çoxdur. Fəlakət zonasında 6444 bina dağılıb.

Zəlzələ zonasında axtarış-xilasetmə 60-dək ölkədən 6500-ə yaxın mütəxəssis çalışır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 9-da jurnalistlərə açıqlamasında deyib.

“Bu gün bütün dünyadan dəstək gördük. Beynəlxalq ictimaiyyətə də təşəkkür edirik. 95 ölkə və 16 beynəlxalq təşkilatdan yardım təklifi almışıq. Bir çox ölkə xilasedicilərini, səhra xəstəxanalarını, tibbi personalını ölkəmizə göndərir. 9 fevral etibarilə 56 ölkədən 6479 şəxsi heyət zəlzələ baş verən bölgədə fəaliyyət göstərir”, – deyə o bildirib.

Mövlud Çavuşoğlu qeyd edib ki, fevralın 9-da daha 19 ölkədən xilasedicilər Türkiyəyə gəlib.

Anadolu Agentliyi Türkiyəyə xilasetmə qrupları göndərən ölkələrin siyahısını açıqlayıb. Siyahıda ilk sırada 725 nəfərlik heyət göndərən Azərbaycan yer alır. İkinci yerdə İsraildir – 450 nəfər. Fransadan 204, Hindistandan 201, ABŞ-dan 159, Macarıstandan 156, Rusiyadan 150, Meksikadan 145, Bosniya və Herseqovinadan 104, Gürcüstan, Özbəkistan və Salvador – hərəsindən 100, daha 50-dək ölkədən müxtəlif sayda xilasetmə qrupları gəlib.

Azərbaycan FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş ərazisində dağıntılar altından 9-u uşaq olmaqla 44 nəfəri sağ çıxarıblar.