Zəlzələdə 4 nəfər Azərbaycan vətəndaşı həlak olub...

 

Türkiyədə fevralın 6-da baş verən zəlzələdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının təxliyə prosesi davam edir.

Fevralın 8-də 190 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları Türkiyənin Qaziantep, Kahramanmaraş, Adana və Hatay vilayətlərindən yola çıxan avtobuslarla Azərbaycana yola salınıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirlinin məlumatında bildirilir. Qeyd olunur ki,  zəlzələ baş verən gündən etibarən indiyə qədər ümumilikdə 9 avtobusla 395 nəfər Azərbaycana yola salınıb. Onlardan 183 nəfər artıq Azərbaycan ərazisindədir.

Əlavə olaraq, Qaziantep və Adanadan çıxacaq avtobuslarla vətəndaşlarımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir.

XİN zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşları haqqında 9 fevral tarixinə olan məlumatı da diqqətə çatdırıb. Bildirilir ki, 4 nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı və 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının vəfatı barədə məlumat mövcuddur. Vəfat edən şəxslərin yaxınları ilə əlaqə saxlanılıb. Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək, digər 3 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Allah rəhmət eləsin.