Azərbaycan bütün imkanları ilə qardaş ölkənin yanındadır...

 

Təbii fəlakətlər amansızdır. Yəqin ki, ən qəddarı da yerin altını üstünə çevirən zəlzələdir. Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ bütün türk dünyasını matəmə boğub.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13 milyondan çox insana təsir göstərib. Azərbaycan dövlət və xalq olaraq təbii fəlakət baş verdiyi ilk gündən qardaş Türkiyənin yanındadır. Aidiyyəti dövlət qurumları ilə yanaşı ictimai təsisatlar, biznes dairələri və sıravi insanlar qardaş ölkəyə yardım üçün səfərbər olublar.

 

Heydər Əliyev Fondunun humanitar yardımları davam edir

 

Zəlzələ qurbanlarına dəstək məqsədi ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə fevralın 8-dən Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardımlar göndərilir.

Humanitar yardım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fövqəladə vəziyyət elan etdiyi 10 vilayətdən hava limanı ən əlverişli olan Qaziantep aeroportunda qəbul olunur və Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun nəzarəti ilə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) yönləndirilir. 

Qaziantepdə mətbuata açıqlama verən səfir bildirib ki, Heydər Əliyev Fondu tərəfindən fevralın 8-də təyyarə ilə göndərilən humanitar yardım müxtəlif dərman preparatları, tibbi ləvazimatları və s. əhatə edir. Bundan başqa, Azərbaycandan çıxmış 13 avtomobil xeyli yük gətirir. Həmin avtomobillərdə 260 çadır, 300 yataq, 2 çox güclü generator, 8 000 isti paltar, 2 000 ədəd corab, 350 masa, 1 000 oturacaq, 5 000 isti örtük var. Bunların hamısı Türkiyənin istəyinə əsasən toplanıb.

Rəşad Məmmədov qeyd edib ki, Azərbaycandan göndərilən humanitar yardımların hansı bölgələrə aparılmasını Türkiyə tərəfi müəyyən edir: “Onlar özləri müəyyən edir ki, hansı bölgədə nəyə ehtiyac var. Ümumiləşdirilmiş anbarlarda bütün məhsullar çeşidlənir”.

 

Azərbaycan vətəndaşlarının təxliyəsi

 

Səfir Azərbaycan vətəndaşlarının zəlzələ bölgələrindən təxliyəsinin da davam etdiyini bildirib. Qeyd edib ki, təxliyə coğrafiyaları genişləndirilib. Malatya, Adana, Kahramanmaraş, Gaziantep və əlavə olaraq Hataydan da vətəndaşlarımız təxliyə oluna biləcək.

Sosial şəbəkələrdə tələbələrin təxliyəsinin təyyarə ilə deyil, avtobusla icra edilməsi ilə bağlı narazılıqlarla bağlı səfir deyib: “Nəzərə almaq lazımdır ki, zəlzələ səbəbindən 4 hava limanı fəaliyyət göstərə bilmir. Hətta Bakıdan gələn humanitar yardımın belə qəbulunda çətinliklərə siz də şahid oldunuz.  Hazırda zəlzələdən dağıntıya məruz qalan ərazilərdə tələb olunan ehtiyacları qarşılamaq üçün bu hava limanı sərnişin daşımanı minimuma endirib, yalnız karqo daşımasını sıxlaşdırıb. Belə bir şəraitdə onların təxliyəsini yalnız avtobusla icra etməmiz mümkündür”.

Rəşad Məmmədov onu da qeyd edib ki, dağıdıcı zəlzələdən sonra səfirlik 24 saatlıq gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərir: “Təxliyə ilə bağlı gündəlik məlumatlar yenilənir. Harada vətəndaşlarımızın sayları azdır, onları yaxın ərazidə yerləşdirdiyimiz avtobuslara gəlməsini tövsiyə edirik, harada təxliyə olunmaq istəyənlər çoxdursa, ora avtobus göndəririk”

 

Dağıntılar altında qalan həmvətənlərimizin axtarışı

 

Türkiyədə baş verən zəlzələdə dağıntılar altında qalan azərbaycanlıların axtarışının davam etdiyini deyən səfir hazırda 25 nəfərin axtarışda olduğunu vurğulayıb: “Bu siyahı böyük idi, amma azalmaqda davam edir. Malatyadan olan 4 azərbaycanlı tələbənin axtarışı davam edir. Onların valideynləri Malatyaya gedəcək və əməkdaşlarımız onlarla əlaqə saxlayacaq. Biz bütün xəstəxanalar və aidiyyəti dövlət qurumları ilə əlaqələri koordinasiya edirik.  Övladlarını, yaxınlarını axtaran vətəndaşlarımız bizə onlar haqqında dəqiq və vaxtında  məlumat verdikdə biz də bu bilgiləri aidiyyəti qurumlara yönləndirib, onlara dəstək ola bilirik. Bir neçə belə nümunə var ki, vaxtında verilən dəqiq məlumatların izi ilə vətəndaşlarımızın xilas olmasına yardım etmişik”.

Kahramanmaraşda zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşı Nailə Bünyatova ilə bağlı səfir bildirib ki, mərhumun yaxınları ilə əlaqə saxlanılıb və nəşinin Vətənə yola salınması ilə bağlı iş gedir.

***

İlk gündən Azərbaycanın Türkiyəyə dəstək örnəyini dünyanın 70-ə yaxın ölkəsi də davam etdirir. Qaziantep Hava Limanında olduğumuz müddətdə hər yarım saatdan bir müxtəlif ölkələrdən xilasedici qruplar, könüllülər axışıb gəlirdi.

Bu gün zəlzələnin dəhşətli nəticələrinə Türkiyədəki sərt hava şəraiti də əlavə olunub və qardaş ölkə ən ağır, gərgin, həssas günlərini yaşayır. Dağıntılar altında qalan insanların imdad diləyən iniltiləri bir duaya, bir isti nəfəsə belə möhtacdır. Amma yenə də zəlzələ sarsıntısında olan Türkiyənin əzmi qırılmır...

Mehparə Sultanova
Qaziantep