Xəbər verdiyimiz kimi, fevralın 9-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli şair, dramaturq Hüseyn Cavidin (1882-1941) anadan olmasının 140 illiyi münasibətilə hazırlanmış “Hüseyn Cavid. Biblioqrafik göstərici” və “Hüseyn Cavid. Biblioqrafiya” kitablarının təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyi, Milli Kitabxana və Hüseyn Cavidin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri kitabxananın direktoru professor Kərim Tahirov açıb. Daha sonra sözü təqdimat mərasimində iştirak edən qonaqlara verib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Xalq yazıçısı Elçin, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, millət vəkili Fazil Mustafa, Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Asif Rüstəmli və başqaları çıxış ediblər.

Natiqlər Hüseyn Cavid sənəti, əsərlərinin nəşri və tədqiq tarixi, səhnə taleyi və s. haqqında danışıb, dahi ədibin xatirəsinin əbədiləşdirilməsində Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri barədə məlumat veriblər.

Çıxışlarda Hüseyn Cavidin Ev-Muzeyinin (“Hüseyn Cavid. Biblioqrafik göstərici”) və Milli Kitabxana tərəfindən hazırlanan (“Hüseyn Cavid. Biblioqrafiya”) nəşrlərinin dahi şairin xatirəsinə ucaldılmış növbəti möhtəşəm abidələrdən biri kimi səciyyələndirilib.

Tədbirin sonunda çıxış edən Hüseyn Cavidin Ev-Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı dahi şairin anadan olmasının 140 illik yubileyi münasibətilə hazırlanan bu biblioqrafiyaların məzmun baxımından bir-birini təkrar etmədiyini, əksinə tamamladığını vurğulayıb. O, hər iki biblioqrafiyanın cavidşünaslığın keçdiyi yolun bələdçisi olduğunu və gələcək tədqiqatlar üçün də zəngin baza yaratdığını diqqətə çatdırıb.

Tədbirin Cavidin adını əbədiləşdirən dahi Heydər Əliyev və şairin qızı Turan Cavidin 100 illik yubileylərinə bir ərməğan olduğunu dilə gətirən G.Babaxanlı təşkilatçılar və iştirakçılara təşəkkürünü bildirib. Sonra direktor rəhbərlik etdiyi muzeyin hazırladığı 30 cilddə “Cavidşünaslıq” elmi araşdırmalar toplusunu Milli Kitabxanaya bağışlayıb.

Sonda qonaqlar “Əbədiyyət şairi – Hüseyn Cavid” mövzusunda kitab sərgisi və Milli Kitabxananın əməkdaşları tərəfindən üç dildə (Azərbaycan, rus, ingilis) hazırlanan “Ədəbiyyatımızın əbədiyyət rəmzi – Hüseyn Cavid” adlı elektron məlumat bazası ilə tanış olublar. Kitab sərgisində Hüseyn Cavidin Ev-Muzeyinin 2005-ci ildən üzü bəri nəşr etdirdiyi bütün kitablar yer alıb.