Söz adamlarının, tanınmış imza sahiblərinin məktəblilərlə hər görüşü təkcə unudulmaz bir xatirə deyil, həm də onların dünyagörüşünün zənginləşməsi, şəxsiyyət kimi formalaşması və gələcəkdə peşə seçimi ilə bağlı böyük əhəmiyyət kəsb edir.

Bu fikirlər Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas və “Ədalət” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İradə Tuncayla Abşeron rayonu Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbdə keçirilən görüşdə səslənib.

Şagird və müəllimlərin iştirakı ilə gerçəkləşən görüşdə hər iki yazar öz yaradıcılıqları haqqında məlumat veriblər.

Qonaqlar müəllim və şagirdlərin suallarını cavablandırıb, mütaliənin zəruriliyi vurğulayıblar. Bildirilib ki, ölkəsinə, xalqına gərəkli şəxsiyyət kimi yetişmək üçün əzm və iradə ilə çalışmaq, mütaliəni həyat tərzinə çevirmək lazımdır.
Sonda hər iki müəllif kitablarını məktəbin kitabxanasına hədiyyə ediblər.