Azərbaycanı iki yerə bölən Türkmənçay müqaviləsinin imzalanmasının 195-ci ildönümü münasibətlə fevralın 10-da AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda dəyirmi masa keçirilib.

İnstitutun baş direktoru professor Kərim Şükürov giriş sözündə bildirib ki, Rusiya imperiyası ilə Qacarlar dövləti arasında 1826-1828-ci illər müharibəsinin yekunlarına, yəni 1828-ci il fevral ayının 10-da bağlanmış Türkmənçay müqaviləsinə əsasən, Azərbaycan torpaqlarının Araz çayından şimal hissəsi çar Rusiyasının, cənub hissəsi isə Qacarlar dövlətinin tərkibinə keçib. Bu müqavilənin şərtləri əsasında Qacarlar dövlətindən 40 min erməni Şimali Azərbaycana köçürüldü. Beləliklə, Azərbaycana elə bir tarixi zülm edildi ki, indi də bu zülmün qarşısında Azərbaycan xalqı əziyyət çəkir. Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaqlarının Araz çayı boyunca bölüşdürülməsi başa çatmış oldu.

İnstitutun icraçı direktoru İlqar Niftəliyev qeyd edib ki, erməni tarixşünaslığında Ermənistanın guya şərqi və qərbi hissələrə bölünməsi ideyası ilk dəfə II Dünya müharibəsindən sonra İosif Stalinin tapşırığı ilə sovet tarixşünaslığına gətirilib. Bunun səbəbi sovet rəhbərliyinin ölkənin cənub sərhədlərini yenidən nəzərdən keçirmək, onları 1914-cü il vəziyyətinə qaytarmaq planları idi. Bu planı həyata keçirmək üçün sovet rəhbərliyi 1945-ci ilin yazında 1921-ci il 16 mart tarixli SSRİ-Türkiyə müqaviləsinə (Moskva müqaviləsi) yenidən baxılması təşəbbüsü ilə çıxış etdi. Bundan sonra erməni tarixçiləri yuxarıdan göstəriş alaraq öz əsərlərində 1827-ci ildə Rusiya imperiyası tərəfindən işğal edilmiş Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarının əraziləri və Moskvanın iddia etdiyi Türkiyə Cümhuriyyətinin Şərqi Anadolu əraziləri üçün müvafiq olaraq “Şərqi” və “Qərbi” Ermənistan saxta adları verərək öz əsərlərində fəal şəkildə işlətməyə başlayıblar. Beləliklə, ermənilərin Qacarlar dövlətindən və Osmanlı imperiyasından kütləvi miqrasiyası və Rusiya imperiyasının etnokonfessional siyasəti nəticəsində XX əsrin əvvəllərindən başlayaraq bu günə qədər davam edən etnik və ərazi münaqişələrinin əsası qoyulub.

Dəyirmi masada tarixçi alimlər Cəbi Bəhramov, Hacı Həsənov, Şahin Fərzəliyev və Eynulla Mədətli mövzu ilə bağlı çıxış ediblər.