Dağıntıları altından hələ də sağ çıxarılanlar var...


Türkiyənin Kahramanmaraş vilayətində fevralın 6-da episentri Pazarcık rayonu olan 7,7 bal (yerli vaxtla saat 4.17-də) və mərkəzi Elbistan rayonu olan 7,6 bal gücündə (yerli vaxtla saat 13.24) zəlzələlərin doğurduğu tələfat sayı hər ötən gün artır.

Fəlakətin yeddinci gününə, fevralın 12-nə olan məlumata görə, zəlzələnin vurduğu on vilayətdə ümumilikdə dağıntılar altından çıxarılan ölü sayı 25 minə çatıb.

Bununla belə, zəlzələdən günlər sonra dağıntılar altından hələ də sağ çıxarılanlar var. Hatay bölgəsində 6 sutkadan artıq – 147 saat dağıntılar altında qalmış 10 yaşlı qız uşağı xilas edilib. Xilasedicilər zəlzələdən 149 saat sonra 35 yaşlı kişini də dağıntılar altından çıxara biliblər.

Bu arada Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum zəlzələlərdən sonra 10 vilayətdə ümumilikdə 172 minə yaxın bina ilə bağlı baxış-araşdırma keçirildiyini bildirib. Onun sözlərinə görə, 25 minə yaxın binanın ciddi şəkildə zədələndiyi müəyyən edilib və bu binalar sökülməlidir. Qeyd edək ki, zəlzələ nəticəsində dağılan buna sayı isə 6500-ə yaxındır.