Türkiyənin cənub-şərqində 10 vilayətdə böyük dağıntı və tələfata səbəb olan 6 fevral zəlzələsinin fəsadlarının aradan qaldırılması, o cümlədən axtarış-xilasetmə işlərinə və humanitar fəaliyyətlərə dəstək məqsədilə Azərbaycandan qardaş ölkəyə yardımlar davam edir.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin fevralın 8-dən Bakı İdman Sarayında başlatdığı humanitar kampaniya çərçivəsində toplanan yardımın daha bir hissəsi fevralın 12-də səhər fəlakət bölgəsinə yola salınıb. Bu barədə Heydər Əliyev Fondu tərəfindən məlumat yayılıb.

Fevralın 12-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti humanitar yardım karvanı zəlzələnin episentrinin olduğu Kahramanmaraşa gətirilib.

Prezident İlham Əliyevin tapşırığı ilə göndərilən 16 xüsusi təyinatlı nəqliyyat vasitəsi Gürcüstan ərazisindən keçərək mənzil başına çatıb. Humanitar yardım karvanında bu dəfə 830 dəst çadır, 279 ədəd soba aparılıb. Bu arada zəlzələ bölgəsində tibbi yardım üçün Azərbaycanın göndərdiyi ikinci səyyar hospital da qurulub.

Zəlzələnin ilk günündən Türkiyəyə göndərilən Azərbaycan FHN-in xilasetmə qüvvələri də fəlakət bölgələrində çalışmaları davam etdirirlər. Fevralın 12-nə olan məlumata görə, xilasedicilərimizin Kahramanmaraş ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 51 nəfər sağ, 518 nəfərin isə cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fevralın 11-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Müdafiə Nazirliyinin Mühəndis Qoşunlarının təminatından qardaş ölkəyə yüksək gərginlikli generatorlar göndərilib. Fasiləsiz elektrik enerjisinin təminatı məqsədilə göndərilən generatorlar nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb. Bir gün öncə Müdafiə Nazirliyi tərəfindən Türkiyənin zəlzələ bölgəsinə çadır dəstləri də yola salınıb.