Türkiyədəki dəhşətli zəlzələdən zərərçəkmiş insanlar üçün fevralın 7-dən Bakıda, eləcə də digər şəhər və rayonlarda başlanan yardım toplama kampaniyası davam edir. Kampaniyaya yerli şirkət və təşkilatlar, minlərə soydaşımız qoşulub. Yardımın toplandığı məntəqələrə gələn çoxsaylı vətəndaşlar türk qardaşlarına əllərindən gələn köməyi göstərməyə çalışırlar.

Qeyd edək ki, yardım kampaniyası Türkiyənin Azərbaycandakı Səfirliyi və Heydər Əliyev Fondu tərəfindən təşkil olunub.

Yardımların qəbul edildiyi Heydər Əliyev adına İdman Kompleksinə əsasən qış paltarları, yorğan-döşək, ərzaq məhsulları, qızdırıcı cihazlar, digər məişət əşyaları və ləvazimatlar gətirilir. Gətirilən əşya və ləvazimatlar könüllülər tərəfindən çeşidlənərək qablaşdırılır, avtomobillərə yüklənir, bundan sonra qardaş ölkəyə yola salınır. Kampaniyada yüzlərlə gənc, həmçinin sıravi vətəndaşlar könüllü kimi fəaliyyət göstərir.

Dəhşətli zəlzələnin ilk saatlarından xalqımız Türkiyəyə dəstək göstərir. Bu, qardaşlıq münasibətlərinin möhkəmliyinin, əbədiliyinin əyani təzahürüdür.

Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin 750-yə yaxın əməkdaşı axtarış-xilasetmə və zəlzələnin fəsadlarının aradan qaldırılması işlərində çalışır.

Fəlakətdən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən humanitar yardım göndərilməsi davam edir. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıb. Yardım kampaniyasına bir çox bölgələrimiz qoşulub.

Müxtəlif könüllü təşkilatlarının üzvlərindən ibarət 100 gənc də artıq qardaş ölkədədir. Onlar zəlzələdən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində iştirak edəcəklər.

Fevralın 6-da episentri Kahramanmaraş vilayətində olan (Pazarcık rayonu – 7,7 bal, Elbistan rayonu – 7,6 bal) və ümumilikdə 10 vilayəti vuran iki güclü zəlzələ nəticəsində tələfat sayı isə, təəssüf ki, hər ötən gün artır. Təkcə fevralın 12-də dağıntılar altından çıxarılan ölü sayı 8 min nəfər artaraq ümumilikdə 30 min nəfərə çatıb.