Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar çoxsaylı ölkələr və beynəlxalq təşkilatlar tərəfindən təbii fəlakətin aradan qaldırılması üçün dəstək göstərilir. Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY) da maddi və mənəvi olaraq bu faciəli günlərdə qardaş Türkiyənin yanındadır.

TÜRKSOY-un baş katibi Sultan Raevin göstərişi ilə təşkilatın əməkdaşları zəlzələ bölgələrinə gedərək zərərçəkənlərə dəstək veriblər.

Heyətdə iştirak edən TÜRKSOY-un mətbuat şöbəsinin azərbaycanlı əməkdaşı Vüqar Novruzoğlu deyir ki, zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə mütəşəkkil qaydada fəaliyyətə başlayıblar: “Hadisənin ikinci günündə biz TÜRKSOY olaraq 13 nəfərlik heyətlə zəlzələdən zərərçəkənlər üçün ən zəruri ehtiyaclar ola bilən əşyalar, qida və geyimlə dolu iki avtomobillə bölgələrə getdik. Əslində, məqsədimiz həm də bir sıra ölkələrdən gəlmiş xilasedicilərə tərcüməçi kimi dəstək vermək idi. İlk getdiyimiz yerlərdən biri Qaziantepin Beykent kompleksi idi. Biz orada TÜRKSOY heyəti olaraq zəlzələdən zərərçəkənlər üçün qışda soyuğa, yayda istiyə davamlı çadırlar qururduq. Bilirsiniz ki, başda Azərbaycan olmaqla dünyanın müxtəlif ölkələrindən olan xilasetmə qrupları Türkiyədədir. Azərbaycandan olan xilasedicilərlə Türkiyə əhalisi arasında tərcüməyə ehtiyac yoxdur. Amma Türk dünyasından – Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən gələn heyətlər üçün tərcüməçiyə ehtiyac olur. Orada məlum oldu ki, Qazaxıstandan gələn xilasetmə qrupu günlərdir tərcüməçi olmadan çalışır və tərcümə ilə bağlı problemlər var. Qazaxıstandan gəlmiş heyətə mən qoşuldum”. V.Novruzoğlunun bildirdiyinə görə, Qaziantepdən sonra TÜRKSOY qrupu olaraq Hataya gedib, zəlzələnin şəhəri dəhşətli dağıntılara məruz qoymasının şahidi olublar: “Şəhərdə mənzərə çox dəhşətli idi. Şəhərdə hər nə varsa, zəlzələnin zərərini görüb, dağılıb”.

Müsahibim apardıqları qida və yardımları toplama mərkəzlərindən birinə verdiklərini qeyd etdi: “Orda işçi qüvvəsinə ciddi ehtiyac var. Biz də gecə yarısına qədər 2-3 TIR yardımın boşaldılmasına kömək etdik, zəlzələdə zərərçəkən kəndlərə ərzaq yardımı apardıq. Şəhərin içərisində hərəkət etmək çox çətindir. Çünki uçan binalar yolları bağlayıb, bəzi yerlərdə də yollar dağılıb. Çoxsaylı qədim tarixi-mədəni abidəyə ev sahibliyi etmiş Hatay zəlzələnin amansız nəticələrindən imdad diləyir”.

 

Mehparə Sultanova

Ankara