Fevralın 17-də Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Arif Hüseynovun “Azərbaycan nağılı” adlı sərgisi açılacaq. 

“Azərbaycan nağılı” adlı sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC, Rəssamlar İttifaqı və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Sərgi Arif Hüseynovun 80 illik yubileyi və yaradıcılığının 55 iliyi münasibətilə Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, “Azərxalça” ASC və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Sərgidə rəssamın geniş və rəngarəng yaradıcılıq aləmindən bir silsilə – Azərbaycan xalq nağıllarına, hər kəsin tanıdığı və sevdiyi nağıl obrazlarına həsr etdiyi 54 qrafik əsər nümayiş olunacaq.

Ekspozisiyaya daxil edilən, rəssamın ilk dəfə rəqəmsal çap formatında işlədiyi əsərlərində nağıllarımıza parlaq və fərdi cizgilərlə yeni həyat bəxş edilib, onlardakı sehr, müdriklik, gözəllik, ülviyyət, xalqımızın mifoloji dünyagörüşü xüsusi peşəkarlıqla təsvir olunub. Arif Hüseynovun özünəməxsus, orijinal üslubda əsl sənətkarlıq və sevgi ilə yaratdığı əsərlər Azərbaycanın xovsuz və xovlu xalçalarının məşhur kompozisiyaları ilə haşiyələnib.

“Azərbaycan nağılı” sərgisi fevralın 24-dək davam edəcək.