14 fevral Beynəlxalq Kitab Bağışlama Günüdür. Əlamətdar gün 2012-ci ildə ABŞ-da məşhur “Delightful Childrens Books” uşaq kitabı saytının qurucusu Emmi Brodmurun təşəbbüsü ilə təsis edilib. Bu ideyanı ona balaca oğlu verib. O, anasından soruşur ki, niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün yoxdur. E.Brodmur öncə internet vasitəsilə müxtəlif peşə sahiblərinə bu təşəbbüsdə iştirak etmələrini təklif edir və bu ideya düşündüyündən də uğurlu olur. Bu təşəbbüs az müddətdə dünyada dəstək qazanır, ona çoxlu insanlar qoşulur.

2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər ölkələrdən blogerlər insanları 14 fevral tarixini “Uşaqlara kitab bağışlama günü” olaraq qeyd etməyə çağırır. Beləliklə, dünyanın bir çox ölkəsində 14 fevral əlamətdar tarixə çevrilir.

***

Çağımızda informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində elektron kitab klassik kitabı xeyli dərəcədə sıxışdırıb. Amma oxucuların zövqünə, dövrün tələblərinə uyğun kitablara həmişə zərurət var.

Deyirlər, yaxşı kitablar yaxşı yoldaş kimidir. Kitabla ünsiyyəti sıx olanların dünyagörüşündə, hadisə və proseslərə yanaşmalarında özünəməxsusluq həmişə nəzərə çarpır. Amma ən önəmli cəhət oxuduqlarından müəyyən nəticələr çıxarmaq, həyatın müxtəlif məqamlarında ondan istifadə etməkdir. Bir sözlə, kitabın faydalarından öz ətrafımızın da yararlanmasına vəsilə olmalıyıq...

Gənc kitabxanaçı Günay Tağızadə də bu işə öz töhfəsini verənlərdəndir. O, 2001-ci il avqustun 25-də İmişli rayonunun Əliqulular kəndində anadan olub. R.Məmmədov adına kənd tam orta məktəbini bitirib. 2019-cu ildə Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin kitabxana-informasiya təminatı ixtisasına qəbul olunub. Təhsilini başa vurduqdan sonra, 2021-ci ildə Kürdəmir RMİ-nin tabeliyindəki İmişli rayon MKS-nin Əliqulular kənd kitabxanasında əmək fəaliyyətinə başlayıb. Hazırda həmin kitabxananın müdiri vəzifəsində çalışır.

Günay xanım bildirir ki, Əliqulular kənd kitabxana filialı 1976-cı ildən fəaliyyət göstərir. Deyir ki, kitabxanada işə başlayanda əsas hədəfi kənd camaatının maariflənməsinə xidmət etmək olub: “Kitabxanada müxtəlif tədbirlər keçirir, oxuculara daha yaxşı xidmət etmək üçün əlimizdən gələni etməyə çalışırıq. Özüm kitabxanaya gələ bilməyən təqaüdçü, xəstə, əlil oxucuların evlərinə gedib onlar üçün kitab oxuyuram. Bəzən oxucularımız özləri bizə zəng edərək sevdiyi şairlərin adlarını söyləyir, biz də həmin kitabları götürüb onların evlərinə yollanırıq".

Həmsöhbətim kitabxananın fondunda 6000-ə yaxın kitabın olduğunu bildirir. Deyir ötən il 650 oxucuları olub. Hazırda 8 ailə kitabxana abonementinə üzvdür. 2022-ci ildə 20 ailəyə səyyar xidmət göstərilib.

Günay xanım vurğulayır ki, kitabxananın əməkdaşları tərəfindən şəhid ailələri, qazilər ziyarət edilir, onlarla söhbət aparılır. Sakinlərin mütaliəyə marağını artırmaq üçün müəyyən təşviqedici layihələr də həyata keçirilir. Kitabxananın tədbirlərində aktivlik göstərən, daha çox kitab oxuyanlar isə hədiyyələr verilir, sertifikatlarla təltif edilirlər.

Həmsöhbətimiz bu sahəyə sevgiylə bağlandığını, işindən zövq aldığını bildirir. Deyir insanların kitaba, mütaliəyə marağını görəndə sanki ona əlavə enerji, həvəs  verilir: “İnsanlar kitaba yaxın olsalar, həm dünyagörüşləri zənginləşər, həm də qəlbləri nurlanar”.

Biz də gənc kitabxanaçıya sevdiyi peşəsində uğurlar arzulayırıq.

Nurəddin Məmmədli