“Biz bunu rəhbər tutacağıq və razılaşmaların həyata keçirilməsi üçün hər şeyi edəcəyik”

 

 

Ölkələrimiz arasında münasibətlər mehriban qonşuluq və qarşılıqlı hörmət əsasında inkişaf edir. Bu xüsusda parlamentlərarası münasibətlərin daha da genişləndirilməsi  əhəmiyyət kəsb edir. O cümlədən müxtəlif sahələr üzrə komitələrin imkanlarından istifadə edilməlidir.

Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu sözləri fevralın 13-də Moskvada Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşü zamanı deyib.

Ötən il Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladan Vyaçeslav Volodin münasibətlərin inkişafında dövlət başçılarının rolunu xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, parlamentlərimiz də prezidentlər səviyyəsində qəbul olunmuş qərarların qanunvericilik bazasının təmin edilməsinə öz töhfəsini verə bilər. Bu baxımdan iki ölkənin parlamentləri arasında  əməkdaşlıq haqqında memorandum münasibətlərin yeni mərhələyə qədəm qoymasına şərait yaradacaq.

Söhbət zamanı Dövlət Dumasının sədri Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən qəbul edilmiş qərarların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Dövlət Dumasının sədri Avropa strukturlarını, xüsusən də Avropa Parlamenti və AŞPA-nı regiondakı vəziyyətin həllinə cəlb etmək cəhdlərinə qarşı olduğunu vurğulayaraq əlavə edib ki, məsələnin həlli Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli Bəyanata əsaslanmalıdır. “Gəlin ondan çıxış edək ki, Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının liderləri səviyyəsində qəbul olunmuş qərarlar var. Biz bunu rəhbər tutacağıq və öz tərəfimizdən bu razılaşmaların həyata keçirilməsi üçün hər şeyi edəcəyik”, – deyə V.Volodin bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin parlamentlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə və genişlənməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyib. O, Prezident İlham Əliyevin ötən ilin fevralında Rusiyaya rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalandığını qeyd edərək bildirib ki, ölkələrimiz arasında münasibətlər dövlət başçıları tərəfindən yaradılmış möhkəm bazaya əsaslanır.

Parlamentin spikeri vurğulayıb ki, humanitar sahədə əlaqələr ölkələrimiz arasında əməkdaşlıqda mühüm istiqaməti təşkil edir. Bu mənada Birinci vitse-prezident Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd edən Sahibə Qafarova Fondun dəstəyi ilə keçirilən tədbirlər barədə məlumat verib. Xatırladıb ki, 2019-cu ilin noyabrında Moskvada Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan-Rusiya regionlararası forumunun 10 illiyinə həsr olunmuş tədbir keçirilib. Fondun dəstəyi və Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ötən il fevralın 21-dən martın 1-dək Moskvada Azərbaycan mədəniyyəti günləri keçirilib. O, belə tədbirlərin münasibətlərimizin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

2020-ci ildə Azərbaycanın öz torpaqlarının 30 ilə yaxın Ermənistan tərəfindən işğalına son qoyduğunu xatırladan Milli Məclisin sədri deyib ki, ərazilərimiz azad edildikdən dərhal sonra Azərbaycan öz hesabına genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb. Hazırda işğal zamanı dağıdılmış bütün infrastruktur bərpa olunur. “Yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni qəsəbə və kəndlər salınır. Artıq keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtması prosesi başlayıb. Bununla belə, Milli Məclisin sədri mina probleminin hələ də qaldığını bildirib. O qeyd edib ki, Ermənistan işğal dövründə ərazilərimizə bir milyondan çox mina basdırıb. Müharibə başa çatandan sonra da Ermənistan tərəfi Laçın yolundan mina, hərbi sursat və təbii sərvətlərin qeyri-qanuni daşınması üçün istifadə edib. Müharibədən sonra mina partlaması nəticəsində 280-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb.

Azərbaycanın regionda sülhün və təhlükəsizliyin tərəfdarı olduğunu diqqətə çatdıran Sahibə Qafarova qeyd edib ki, ölkəmiz Ermənistana beynəlxalq hüququn beş prinsipi əsasında sülh müqaviləsinin imzalanmasını təklif edib. Lakin Ermənistanın təxribatları sülh prosesinə mane olur.

Xüsusi olaraq vurğulanıb ki, Ermənistan Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, torpaqlarımızda yaşayan erməni sakinlərinin blokadaya məruz qalmaları, humanitar böhran vəziyyətinin yaranması ilə bağlı uydurma iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Laçın yolu boyunca hər gün çoxlu nəqliyyat vasitələrinin – sülhməramlı kontingentin avtomobillərinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, erməni təcili yardım avtomobillərinin hərəkəti erməni tərəfinin iddialarının yalan olduğunu göstərir. Ermənistan beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədilə manipulyasiya ilə məşğuldur.

Milli Məclisin sədri həmçinin İranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı, diplomatik korpusun bir əməkdaşının həlak olması və iki əməkdaşının yaralanması haqqında da məlumat verib. Deyib ki, Azərbaycan bu terror hücumunun ədalətli araşdırılmasını və günahkarlarının layiqli şəkildə cəzalandırılmasını tələb edir.

Görüşün sonunda Azərbaycan Milli Məclisi ilə Rusiya Dövlət Duması arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.